CƏMİYYƏT
Nikaha daxil olmaq üçün son iki ildə 279 min nəfər tibbi müayinədən keçib
Bakı, 19 iyun, AZƏRTAC
Məlum olduğu kimi, "Ailə Məcəlləsində dəyişikliklərin edilməsi haqqında” Qanunun tətbiqi ilə əlaqədar bəzi normativ hüquqi aktların təsdiq ilə əlaqədar 2015-ci il iyunun 1-dən nikaha daxil olmaq istəyənlər tibbi müayinədən keçməlidirlər. Nazirlər Kabineti nikaha daxil olmaq istəyənlərin tibbi müayinədən keçmə qaydalarını təsdiqləyib, müayinə olunmalı xəstəliklərin siyahısı müəyyənləşdirilib və bunun üçün səhiyyə müəssisələrində lazımi şərait yaradılıb. Tibbi müayinə və məsləhətlər nikaha daxil olmaq istəyənlərin və ya onlardan birinin yaşayış yeri üzrə Səhiyyə Nazirliyinin müəyyən etdiyi dövlət və bələdiyyə səhiyyə müəssisələrində pulsuz olaraq həyata keçirilir.
AZƏRTAC-a Səhiyyə nazirliyinin mətbuat xidmətindən xəbər verirlər ki, 2015-ci il iyunun 1-dən 2017-ci il mayın 31-dək ölkədə nikaha daxil olmaq üçün 279,4 min nəfər keçib. Onların bəzilərində müxtəlif xarakterli infeksiyalar aşkar olunsa da, ümumilikdə müayinədən keçərək nikaha daxil olmaq istəyənlərin əksəriyyətinin sağlamlığı normal olub. İndiyə qədər müayinədən keçən 11,8 min nəfərdə talassemiya daşıyıcılığı, 1,1 min nəfərdə sifilis, 203 nəfərdə QİÇS virusu aşkar edilib.