DÜNYA
Nikaraquada okeanlararası kanalın çəkilməsinə başlanılıb
Bakı, 24 dekabr, AZƏRTAC
Nikaraquada Sakit və Atlantik okeanları arasında kanalın çəkilişinə başlanılıb. Tikinti işlərini Honkonqun “HKND Group” şirkəti aparır. Yaxın 50 ildə layihədən əldə olunan gəlirdən istifadə etmək hüququ bu şirkətə məxsus olacaq.
AZƏRTAC “Euronews”a istinadla xəbər verir ki, kanalın tikintisi Nikaraqua Prezidentinin ölkədə kasıblıqla mübarizə üzrə strategiyasının bir hissəsini təşkil edir. Layihənin dəyəri 50 milyard dollar həcmində qiymətləndirilir. Ehtimal edilir ki, tikinti müddətində ölkədə 200 min iş yeri yaranacaq. Kanal istismara verildikdən sonra isə 50 min nəfər işlə təmin olunacaq.
Layihənin əleyhdarları hesab edirlər ki, kanalın çəkilişi ciddi ekoloji risklər doğurur və ətraf mühitə ağır zərər vuracaq.
Yeni kanalın 2019-cu ildə istifadəyə verilməsi nəzərdə tutulur. Bununla da yüklərin Amerika, Avropa və Asiya arasında dəniz yolu ilə daşınmasına çəkilən xərclər təqribən üç dəfəyədək azalacaq.