İDMAN
Nikolazi Kaçarava Vüqar Həşimovun xatirəsinə həsr olunmuş Beynəlxalq turnirin lideridir
Bakı, 31 iyul, AZƏRTAC
Gürcüstanlı FIDE ustası Nikolozi Kaçarava Bakıda görkəmli Azərbaycan qrossmeysteri, Avropa çempionu və müxtəlif beynəlxalq turnirlərin qalibi Vüqar Həşimovun xatirəsinə həsr olunmuş uşaqlar arasında II Beynəlxalq şahmat turnirində liderliyi ələ alıb.
AZƏRTAC xəbər verir ki, Bakıdakı 6 nömrəli məktəb-liseydə keçirilən turnirin səkkizinci turu oynanılıb. Bu turdan sonra aktivində 7 xalı olan Nikolazi Kaçarava turnir cədvəlinə başçılıq edir. Ustalığa namizəd Əhməd Əhmədov, habelə Mirmusa Feyziyev hərəyə 6,5 xal, Məhəmməd Muradlı, Elmar Atakişiyev, Xəzər Babazadə və Sadiq Məmmədov hərəyə 6 xal toplayıblar.
Vüqar Həşimov Memorioalında 8-10-12 yaşadək oğlanlar və qızlar, o cümlədən dünya və Avropa çempionatlarının mükafatçıları, Azərbaycan birinciliyinin iştirakçıları və beynəlxalq əmsalı 1700-dən yuxarı olan 110 şahmatçı mübarizə aparır.
Beynəlxalq turnirdə Azərbaycan təmsilçiləri ilə bərabər, Rusiya, İran, Gürcüstan və Fransa nümayəndələri iştirak edirlər. Turnirin reytinq favoriti ötən ilki yarışın bürünc mükafatçısı, Azərbaycan şahmatçısı Məhəmməd Muradlıdır (2052).
Beynəlxalq turnirin baş hakimi FIDE ustası Cavanşir Bağırovdur.
Memorialın qalibi Vüqar Həşimov kuboku ilə mükafatlandırılacaq. Birinci yeri tutan şahmatçı “Baku Open 2015”, ikinci yerin sahibi isə
“Nakhchivan Open 2015” festivallarında pulsuz mehmanxana və yeməklə təmin olunacaqlar. Turnirdə müxtəlif nominasiyaların qaliblər də mükafatlandırılacaq.