ELM VƏ TƏHSİL
“Nitq qüsurlarının korreksiyası” mövzusunda ixtisasartırma təlimlərinə qeydiyyat başlayıb
Bakı, 29 iyul, AZƏRTAC
Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun (TİPİİ) və “Təhsildə İnnovativ Texnologiyalar” Əlavə Təhsil Mərkəzinin birgə təşkilatçılığı ilə keçiriləcək “Nitq qüsurlarının korreksiyası” mövzusunda ixtisasartırma təlimlərinə qeydiyyat başlayıb.
TİPİİ-dən AZƏRTAC-a bildiriblər ki, təlimlər məktəbəqədər və kiçikyaşlı məktəblilər arasında ən geniş yayılmış nitq qüsuru - dislaliya haqqında geniş bilikləri əks etdirir. Həmçinin dislaliyalı uşaqların dərs prosesində müayinəsi metodlarını və qüsurun korreksiyası üsullarını, xırda motorikanı inkişaf etdirmək və uşaqları yazı prosesinə hazırlamaq üçün bir sıra əyani vəsaitlərdən istifadə metodlarını öyrədir.
Avqustun 21-də həyata keçiriləcək təlimlər xüsusi məktəblərin müəllimləri və tərbiyəçiləri, defektoloqlar, məktəbəqədər hazırlıq qruplarında dərs deyəcək pedaqoqlar üçün nəzərdə tutulub. Hər gün keçiriləcək təlimlər avqustun 25-dək davam edəcək.