ELM VƏ TƏHSİL
Nitqin tanınması imkanlarını genişləndirən çip
Bakı, 18 fevral, AZƏRTAC
ABŞ-ın Massaçusets Texnologiya İnstitutunun alimləri nitqin avtomatik tanınması üçün yüksək keyfiyyətli çip hazırlayıblar.
AZƏRTAC “Naked-science” saytına istinadla xəbər verir ki, “Amazon” şirkətinin “Echo”, “Google”un “Home” və “Apple”ın “Siri” səs köməkçiləri sayəsində elektron qurğularla “ünsiyyət” yaratmaq mümkündür. Alimlərin hazırladıqları yeni çip müasir smartfonlarda nitqin tanınması üçün istifadə olunan tipik həllərlə müqayisədə enerjiyə 90 faizdən çox qənaət edəcək. Məsələn, “iPhone” smartfonlarında “Siri” səs köməkçisi ilə ünsiyyət qurmaq üçün tətbiq edilmiş qurğu bir vatt həcmində enerji sərf edir. Yeni çip isə müvafiq işin yerinə yetirilməsinə 0,2-10 millivatt enerji sərf edəcək.
Yeni çipi enerjini az miqdarda istehlak etməklə adi tənzimləyicilərə və digər qurğulara yerləşdirmək mümkündür. Bu da “əşyaların interneti” texnologiyalarının inkişafına güclü təkan verəcək.