SİYASƏT
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi daha bir nüfuzlu təşkilatla əməkdaşlığa başlayıb
Bu barədə razılıq Mərkəzin baş katibi Rövşən Muradov ilə “İnterAction Council”ın baş katibi Tomas Aksvorti arasında Nyu- Yorkda keçirilmiş görüşdə əldə olunub.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə T.Aksvortiyə Mərkəzlə bağlı ətraflı məlumat verilib, həmçinin birgə fəaliyyətin perspektivləri müzakirə olunub. Müzakirələrin nəticəsi olaraq birgə əməkdaşlıq çərçivəsində 2016-cı ildə beynəlxalq toplantının keçirilməsi qərara alınıb.
Qeyd edək ki, “İnterAction Council” təşkilatı da Madrid Klubu kimi sabiq prezident və Baş nazirləri birləşdirən nüfuzlu təşkilatdır. 1983-cü ildə yaradılmış qurumun əsas məqsədi bəşəriyyəti narahat edən siyasi, iqtisadi və sosial məsələlərin həllində təcrübəsini, enerjisini və beynəlxalq əlaqələrini səfərbər etmək üçün sabiq liderləri bir araya gətirməkdir. Qurumun 30-dan çox üzvü var və onlar hər il toplaşaraq qlobal problemlərin həlli üçün tövsiyələr işləyib hazırlayırlar.