SİYASƏT
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərinin Riqa toplantısı başa çatıb
Bakı, 20 may, AZƏRTAC
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Riqada keçirilən toplantı mayın 20-də başa çatıb.
Komitənin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin aparıcı üzvləri mayın 21-22-də Riqada keçiriləcək Şərq Tərəfdaşlığı Sammiti ərəfəsində Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramını və bu ilin aprelində keçirilmiş III Qlobal Bakı Forumunun nəticələrini müzakirə ediblər.
İki gün davam edən toplantıda Avropa Qonşuluq Siyasətinin ümumi strateji məqsədləri və nəticələri, Avropanın bugünkü mövqeyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin bu istiqamətdə verə biləcəyi töhfələr barədə ətraflı fikir mübadiləsi aparılıb.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Latviyanın sabiq Prezidenti Vayra Vike-Freyberqanın rəhbərliyi ilə keçirilən toplantının sonunda yekun qətnamə qəbul olunub. Avropa Qonşuluq Siyasətinə dair müəyyən tövsiyələrin öz əksini tapdığı sənəddə bildirilir ki, Avropa İttifaqı bütün qonşuları ilə əlaqələrini genişləndirməyə, onlara arzu etdikləri halda demokratik və iqtisadi dəyişikliklər sahəsində yardım etməyə davam etməlidir. Siyasi liderlər hesab edirlər ki, Avropa İttifaqının Qonşuluq Siyasəti münaqişələri həll etmək iqtidarında olan mexanizm kimi yaradılmasa da, münaqişələrin qarşısının alınması və həll olunmasında qurumun fəal iştirakına ehtiyac var.
Sabiq dövlət və hökumət başçılarının qəbul etdiyi qətnamədə daha sonra deyilir ki, Avropa Qonşuluq Siyasəti strategiyası İttifaqın qonşuları ilə münasibətlərinə uyğunlaşmalıdır. Başqa sözlə, Aİ onunla daha dərin əlaqələr yaratmaq arzusunda olan ölkələrlə işləməli və zəruri iqtisadi, eləcə də demokratik islahatlar həyata keçirməyə hazır olmalıdır. Nüfuzlu siyasi liderlərin tövsiyələrində o da vurğulanır ki, Avropa İttifaqı paralel olaraq enerji təhlükəsizliyi, müstəqillik, o cümlədən ekstremizm və terrorizmə qarşı mübarizə kimi xüsusi maraq kəsb edən sahələrdə əməkdaşlığı təşviq etməlidir.
Qətnamə müəlliflərinin fikrincə, Aİ öz maraqlarını həyata keçirərkən dəyər və prinsiplərinə sadiq qalmalıdır. “Qurum, eyni zamanda, Ukrayna, Gürcüstan, Moldova və digər Şərq Tərəfdaşlığı ölkələrinə üzvlük təklifini nəzərdən keçirməlidir. Aİ Şərq Tərəfdaşlığı ölkələrinin hər birinin ərazi bütövlüyünü dəstəkləyir. Bununla əlaqədar regiondakı çoxsaylı dondurulmuş münaqişələrin həllini dəstəkləyən yol xəritəsi planı hazırlanmalı, Aİ bu məsələyə beynəlxalq aktor olaraq cəlb olunmalıdır”.
Qətnamə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Latviyanın sabiq Prezidenti Vayra Vike-Freyberqa, həmçinin Mərkəzin üzvləri, sabiq prezidentlər – Valdis Zatlers (Latviya), Boris Tadiç (Serbiya), Emil Konstantinesku (Rumıniya), Danilo Turk (Sloveniya), Petar Stoyanov (Bolqarıstan), Recep Meydani (Albaniya), Viktor Yuşşenko (Ukrayna), eləcə də Slovakiyanın sabiq hökumət başçısı İveta Radikova, Bosniya və Herseqovinanın keçmiş Baş naziri Zlatko Laqumciya tərəfindən imzalanıb.