ELM VƏ TƏHSİL


“Nizami Gəncəvinin biblioqrafiyası. İzahlı məlumat kitabı” beynəlxalq nəşri hazırlanacaq

Bakı, 3 avqust, P.İmanova, AZƏRTAC 

Avqustun 3-də Bakıda “Nizami Gəncəvinin biblioqrafiyası. İzahlı məlumat kitabı” beynəlxalq nəşrinin hazırlanması ilə əlaqədar müşavirə keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində təşkil edilən müşavirədə nizamişünaslar biblioqrafianın tərtib prinsipləri, quruluşu və məzmunu ilə bağlı fikir mübadiləsi aparıblar.

Muzeyin direktoru, akademik Rafael Hüseynov əvvəlcə dahi Azərbaycan şairi Nizami Gəncəvinin adını daşıyan Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin yaranma tarixi və fəaliyyət istiqamətləri barədə məlumat verib.

Nizaminin bənzərsiz yaradıcılığından danışan akademik onu dünya miqyasında tanınmış mütəfəkkir kimi xarakterizə edib, böyük Azərbaycan şairinin yubileylərinin hər zaman beynəlxalq səviyyədə qeyd olunduğunu söyləyib.

R.Hüseynov bildirib ki, beynəlxalq nəşrin məqsədi ilk dəfə Nizami Gəncəvinin yaradıcılığı haqqında Azərbaycanda və dünyada aparılan bütün tədqiqləri, nəşrləri, tərcümələri əhatə edən müfəssəl biblioqrafiyanın hazırlanmasıdır. Bugünkü müşavirə Nizami Gəncəvi haqqında yeni materialların toplanmasına, bu sahədə müxtəlif tədqiqatların aparılmasına zəmin yaradacaq. Diqqətə çatdırılıb ki, muzeydə dahi Azərbaycan şairi ilə bağlı aktual problemləri əhatə edən müşavirə və konfransların keçirilməsi mütəmadi hal alacaq, vaxtilə burada mövcud olmuş Nizami lektoriyasının fəaliyyəti bərpa ediləcək.

Muzeyin direktoru yeni nəşrin hazırlanmasında komək göstərən araşdırmaçı Əli Polad Vahabzadənin fəaliyyəti barədə də məlumat verib. Bildirib ki, naşir və mədəniyyət hamisi Ə.P.Vahabzadə fars, Azərbaycan, türk, ingilis və rus dillərində fundamental nəşrlərin, Mirzə Əli Möcüzün “Divan”ının, Təbriz şəhərinin tarixi və mədəniyyəti haqqında ensiklopedik nəşrin müəllifidir. O, bir çox dəyərli kitabların hazırlanmasına və çapına kömək göstərib, bu nəşrlərin kitabxanalara və ayrı-ayrı şəxslərə təmənnasız paylanılmasını təmin edib. Ə.P.Vahabzadənin koordinatorluğu ilə İran və Türkiyədə yaradılan xüsusi qruplar həmin ölkələrdə Nizami Gəncəviyə aid mövcud nəşrlərin toplanması işinə başlayıblar. Azərbaycanda da bu iş Ədəbiyyat Muzeyinin əməkdaşlarının və respublikanın tanınmış nizamişünaslarının iştirakı ilə gerçəkləşdiriləcək.

Ə.P.Vahabzadə, professor Xəlil Yusifli, AMEA-nın müxbir üzvü Nüşabə Araslı və başqaları çıxışlarında dahi Azərbaycan şairi Nizami Gəncəvinin dünya miqyasında təbliğ olunmasında hazırlanacaq beynəlxalq nəşrin əhəmiyyətini qeyd edib, bu sahədə yeni tədqiqatların aparılmasının vacibliyini vurğulayıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.