MƏDƏNİYYƏT


Nizami Gəncəvinin özbək dilinə tərcümə olunmuş “Sirlər xəzinəsi” kitabı təqdim edilib

A+ A

Daşkənd, 13 oktyabr, AZƏRTAC 

Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək dili və Ədəbiyyatı Universitetində Azərbaycanın dahi şairi Nizami Gəncəvinin özbək dilinə tərcümə olunmuş “Sirlər xəzinəsi” kitabının təqdimatı keçirilib.

Özbəkistanın Xalq Şairi Camal Kamalın tərcümə etdiyi kitab ölkəmizin Özbəkistandakı səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi əsasında “Kamalak” nəşriyyatında çap olunub. Kitabın redaktoru filologiya elmləri doktoru Erqaş Oçilovdur.

Təqdimat mərasimində Özbəkistanın ədəbiyyat, mədəniyyət və incəsənət xadimləri, şair və yazıçılar, universitetin müəllim və tələbələri, Azərbaycan səfirliyinin və mədəniyyət mərkəzinin əməkdaşları iştirak ediblər.

Universitetin prorektoru, professor Abulxay Sabirov Nizami Gəncəvi yaradıcılığına Özbəkistanda böyük maraq və sevgi olduğunu, böyük özbək şairi Əlişir Nəvainin Nizamini öz ustadı saydığını və dahi şairin “Xəmsə”sindən ilhamlanaraq tarixə məhz türk dilində “Xəmsə” yaradan şair kimi düşdüyünü qeyd edib. O, Özbəkistanda Nizami Gəncəvinin xatirəsinin əbədiləşdirildiyini, 1947-ci ildən dahi şairin adını daşıyan Daşkənddəki Dövlət Pedaqoji Universitetinin qarşısında abidəsinin qoyulduğunu diqqətə çatdırıb.

Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov kitabın Nizami Gəncəvinin 875 illik yubileyi ərəfəsində hazırlanmasının önəmini vurğulayıb, nəşrin özbək oxucuları tərəfindən maraqla qarşılanacağına əminliyini bildirib.

S.Abbasov Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Nizami Gəncəvi haqqında söylədiyi fikirlərdən sitat gətirərək deyib: “Nizami elə böyük bir şəxsiyyət, elə böyük dahidir ki, onun doğum gününü on ildən, beş ildən bir deyil, hər il qeyd etmək zəruridir”.

Direktor S.Abbasov bildirib ki, Nizami Gəncəvinin “Xəmsə”sinə daxil olan digər əsərlərin də özbək dilinə tərcüməsi ilə bağlı Mərkəz ilə Özbəkistanın Xalq Şairi Camal Kamal arasında 2015-ci ilin dekabrında razılıq əldə edilib və 2018-ci ilədək digər dörd əsər də tərcümə olunmalıdır.

Kitabın tərcüməçisi Camal Kamal Azərbaycana böyük sevgisinin olduğunu, Xalq Şairi Bəxtiyar Vahabzadə ilə yaxından dostluq etdiyini, ölkəmizə səfərini, azərbaycanlı dostları ilə görüşlərini xatırladıb. C.Kamal Azərbaycan ədəbiyyatını Şərqin ən zəngin və möhtəşəm ədəbiyyatı adlandırıb, Nizami, Füzuli, Nəsimi və digər klassik şairlərimizi çox sevdiyini bildirib. O, Nizami Gəncəvinin əsərlərinin çapına göstərdiyi dəstəyə görə mərkəzə minnətdarlığını ifadə edib.

Təqdimat mərasimində filologiya elmləri doktorları Erqaş Oçilov, dosent Gülbahar Aşurova, şair-tərcüməçi Usman Kuçkar özbək-Azərbaycan ədəbi əlaqələri haqqında söhbət açıb, Özbəkistanda Azərbaycan ədəbiyyatına, mədəniyyətinə və incəsənətinə böyük maraq olduğunu qeyd ediblər. Onlar Nizami Gəncəvinin bu əsərinin Özbəkistanda çap edilməsini böyük hadisə adlandırıblar.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.