MƏDƏNİYYƏT
Nizami Kino Mərkəzi yeni filmlərin nümayişinə başlayır VİDEO
Bakı, 27 noyabr, AZƏRTAC
Nizami Kino Mərkəzində “Dözülməz bosslar-2” və “Мadaqaskar pinqvinləri” 3D animasiya filmi nümayiş olunur.
Kino mərkəzinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Amerika istehsalı olan “Dözülməz bosslar-2” filmini rejissor Set Qordon komediya janrında çəkib. Film 16 yaşından yuxarı tamaşaçılar üçün nəzərdə tutulub.
Üç dost – Nik, Deyl və Kurt bundan sonra heç kimin əlinin altında işləməmək üçün öz şirkətlərini yaradırlar. Lakin şərikləri tərəfindən aldadılan dostlar intiqam planı hazırlayır. Onlar pul almaq və şirkətə nəzarəti yenidən ələ keçirmək məqsədilə şərikin oğlunu oğurlayırlar...
Filmdə baş rollara Ceyson Beytman, Ceyson Sudeykis, Çarli Dey, Cennifer Eniston, Kris Payn və başqaları çəkiliblər.
Amerika istehsalı olan “Madaqaskar pinqvinləri” animasiya filmini Con Ebaudun ssenarisi əsasında rejissorlar Erik Darnelli və Saymon Smit komediya-macəra janrında çəkiblər. Filmin yaş məhdudiyyəti yoxdur.
“Bu dəfə onlar kölgədə qalmayacaqlar” şüarı olan cizgi filmi, dörd cəsus-pinqvin Şkiper, Kovalski, Riko və Praporun macəralarından bəhs edir. Onlar “Şimal küləyi” adlı komanda ilə birləşərək köməksiz heyvanların mühafizəsinə qalxırlar.
Rolları aktyorlardan Tom Mak Qrat, Kris Miller, Kristofer Nayts, Konrad Vernon, Con Malkoviç, Benedikt Kemberbetç, Ken Jonq, Annet Mahendru, Peter Stormare, Endi Rixter və başqaları canlandırıblar. Balaca tamaşaçılarımız sevimli qəhrəmanları ilə yenidən görüşməkdən böyük zövq alacaqlar.
Filmlər haqqında daha ətraflı məlumatı Nizami Kino Mərkəzinin “facebook” səhifəsindən öyrənmək mümkündür.