MƏDƏNİYYƏT
Nizami Kino Mərkəzində “Aşk sana benzer” türk filminin qala–gecəsi olub
Bakı, 30 yanvar, AZƏRTAC
Milli və xarici filmlərin qala-gecələrinin bir nömrəli məkanı olan Nizami Kino Mərkəzində növbəti “ulduz paradı” baş tutub.
AZƏRTAC xəbər verir ki, Türkiyənin məşhur aktyorları –“Möhtəşəm yüz il” serialının “Malkoçoglu”su Burak Özçivit və “Sünbül ağası” Selim Bayraktar, həmçinin cazibədar Fahriye Evcen “Aşk sana benzer” filminin qala-gecəsinə qatılmaq üçün Nizami Kino Mərkəzinə gəliblər. Qala-gecədə filmin rejissoru A.Taner Elhan və yaradıcı qrupunun digər üzvləri də iştirak ediblər.
Bakıda olduqları üçün özlərini çox xoşbəxt hiss etdiklərini söyləyən qonaqlar tamaşaçılarla birlikdə filmi izləyiblər.
Bedia Ceylan Güzelcenin ssenarisi əsasında rejissor A.Taner Elhanın lentə aldığı bu romantik dram, bir balıqçı qəsəbəsində başlayan məhəbbət hekayəsindən bəhs edir. Ailəsindən qalan restoranı əlində saxlamaq üçün çarpışan Əli, bir gün qəsəbəyə yeni gəlmiş gözəl qızla – Denizlə qarşılaşır. İlk baxışdan bir-birlərindən xoşlanan gənclərin sevgisinə yaxın bir vaxtda bütün qəsəbə şahid olur. Amma Denizin keçmişindən gələn biri onların eşqinə mane olmağa çalışır.
Aktyor Burak Özçivit həm də filmin prodüseridir.
Filmi izlədikdən sonra türkiyəli sənətçilər mətbuat konfransı keçirib, jurnalistləri maraqlandıran sualları cavablandırıblar.
“Filmi tamaşaçılarla birlikdə izləmək bizim üçün xoş oldu”,- deyən aktyorlar Bakıya yenə gəlmək istədiklərini söyləyiblər.
Qeyd edək ki, səfər çərçivəsində filmin yaradıcı heyəti İçərişəhəri və paytaxtın digər görməli yerlərini gəzib.