MƏDƏNİYYƏT


Nizami Kino Mərkəzində “Frankenşteyn” nümayiş olunacaq

A+ A

Bakı, 10 noyabr, AZƏRTAC

Noyabrın 16-da və 21-də Nizami Kino Mərkəzi “British Council Azərbaycan”, Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi, Böyük Britaniyanın ölkəmizdəki səfirliyi, “Cool Connections” şirkəti ilə birgə “TheatreHD” layihəsi çərçivəsində şəhər sakinlərinə Benedikt Kamberbetçin rol aldığı “Frankenşteyn” tamaşasının videosunu rus dilində alt yazılarla təqdim edəcək.

Nizami Kino Mərkəzinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Britaniya Milli Teatrının quruluş verdiyi “Frankenşteyn” tamaşasının rejissoru Denni Boyldur. Tamaşa Nik Diranın Meri Şellinin romanı üzrə yazdığı pyesi əsasında hazırlanıb.

Səhnə əsəri doktor Viktor Frankenşteynin ölən insanların parçalarından yaratdığı varlıqdan bəhs edir. Varlıq çox çirkin olduğuna görə doktor onu taleyin ixtiyarına buraxır. Həyatdan etibar və sevgi gözləyən tənha, uşaq kimi sadəlövh və qorxunc varlıq hər dəfə hiddət, nifrət və qəzəblə qarşılaşır. Son həddə çatan varlıq onu yaradan adamı tapıb intiqam almaq qərarına gəlir.

Tamaşa iki variantda nümayiş olunur. Doktoru və varlığı canlandıran aktyorlar Benedikt Kamberbetç və Coni Li Miller hər iki obrazda səhnəyə çıxırlar.

Baş rolları Benedikt Kamberbetç, Li Miller, Ella Smit, Con Killoran, Stiven Elliot, Karl Conson, Deniel Millar, Lizzi Uinkler və başqa aktyorlar ifa edir.

Qeyd edək ki, bu layihənin Azərbaycanda ilk dəfə həyata keçirildiyini və böyük marağa səbəb olduğunu nəzərə alaraq tamaşaçılara mütəmadi olaraq yeni tamaşalar təqdim olunur. Layihənin missiyası tamaşaçıya ölkəsini tərk etmədən, dünya teatr və incəsənət şedevrlərini izləməyə imkan yaratmaqdır.

Nümayiş olunan tamaşalar Londonda və ümumilikdə, Böyük Britaniyada ən çox uğur qazanmış səhnə əsərləridir. Yüksək keyfiyyətli çəkiliş tamaşaçıda teatr zalında izləmə təəssüratı yaradır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.