MƏDƏNİYYƏT
Nizami Kino Mərkəzində “İnsanın faciəsi” filmi nümayiş olunub
Bakı, 16 mart, AZƏRTAC
Bakıda keçirilən “Macarıstan günləri” çərçivəsində martın 16-da Nizami Kino Mərkəzində “İnsanın faciəsi” tammetrajlı animasiya filmi (Azərbaycan dilində subtitrlərlə) nümayiş olunub.
AZƏRTAC xəbər verir ki, filmin nümayişindən əvvəl Macarıstanın ölkəmizdəki səfiri İmre Laslotski Bakıda “Macarıstan günləri”nin təşkilinə görə Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya minnətdarlığını bildirib. Qeyd edib ki, “İnsanın faciəsi” filmi macar yazıçısı İmre Madaçın eyniadlı mənzum-poetik dramı əsasında çəkilib. Səfir 150 il bundan əvvəl yazılmasına baxmayaraq “İnsanın faciəsi” əsərinin bu gün aktuallıq kəsb etdiyini, müasir dövrlə səsləşdiyini vurğulayıb.
Filmin rejissoru Marsel Yankovic çıxışında İmre Madaçın möhtəşəm “İnsanın faciəsi” dramının indiyə qədər 40-dan çox dilə, o cümlədən bütün Avropa dillərinə tərcümə olunduğunu, sonuncu dəfə isə Azərbaycan dilinə tərcümə edildiyini söyləyib. Bildirib ki, 2008-ci ildə dünyanın maliyyə böhranı ilə üzləşdiyi bir vaxta Böyük Britaniyanın nüfuzlu jurnallarından biri bu əsəri oxumağı tövsiyə edib.
Əsərin Azərbaycan dilinə tərcüməsinin müəllifi Rasim Müzəffərli isə bu dahiyanə filmin 12 ilə ərsəyə gəldiyini və əsərə daha yaxın olduğunu diqqətə çatdırıb.
Sonra Azərbaycan və Macarıstanın elm və mədəniyyət təmsilçiləri “İnsanın faciəsi” filminə baxıblar.
Filmin süjeti Tanrının İblislə mübahisəsi əsasında qurulub. Tanrı Yer üzündəki bütün varlıqları yaradır. Bununla razılaşmayan İblis payını istəyir. Tanrı İblisi Adəm və Həvvanın yaşadığı iki ağac arasına göndərir. İblis isə Adəmlə Həvvanın qəlbinə girir, onları yoldan çıxarır. Adəm və Həvva Tanrını tərk edirlər. Elə o vaxtdan da insanlığın faciəsinin əsası qoyulur. İnsanlar artıb çoxaldıqca formasiyalar, siniflər yaranır, müharibələr başlayır. İnsan övladı eyş-işrətə qurşanır, Allahlıq iddiasına düşür və s. Bütün günahların və pisliklərin səbəbkarı isə son nəticədə insanların qəlbinə girmiş İblisdir. Bir sözlə, insanın faciəsini elə onun özündə axtarmaq lazımdır.
Qeyd edək ki, tədbir Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın dəstəyi, Macarıstanın Xarici İşlər və Xarici İqtisadi Əlaqələr Nazirliyi, Azərbaycanın Macarıstandakı səfirliyi, bu ölkənin Azərbaycandakı səfirliyi və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası ilə birgə təşkil olunub.