MƏDƏNİYYƏT
Nizami Kino Mərkəzində “Ölülər XXI əsr” filminin nümayişinə başlanılıb
Bakı, 24 sentyabr, AZƏRTAC
Nizami Kino Mərkəzində “Ölülər XXI əsr” milli filminin və ABŞ-ın “Leyləklər” animasiya filminin nümayişinə başlanılıb.
Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Tahir və Cabir İmanov qardaşlarının prodüseri olduğu “Ölülər XXI əsr” filmi Cəlil Məmmədquluzadəyə ithaf olunub. Ekran əsəri görkəmli yazıçının “Ölülər” pyesinin müasir versiyasıdır. Filmin ssenari müəllifləri Tahir İmanov, Ələkbər Əliyev, Mütəllim Həsənov, Anar Ömərov, Məmmədəli Kazımovdur. Baş rollarda Tahir İmanov, Valeh Kərimov, Elnar Qarayev, Cabir İmanov, Rövşən Kərimduxt, Bəhram Bağırzadə, Azər Məmmədzadə, Dilarə Əliyeva, Mehriban Xanlarova və başqaları çəkiliblər.
Xatırladaq ki, filmin premyera nümayişi sentyabrın 22-də “Park Cinema” kinoteatrlar şəbəkəsinin “Metro Park” ticarət mərkəzində olub.
“Leyləklər” animasiya filmini rejissor Nikolas Stoller ailəvi komediya, fentezi və macəra janrında ekranlaşdırıb.
Leyləklər uşaq gətirir... və ya əvvəllər gətirirdilər. İndi isə onlar böyük satış saytının mallarının çatdırılması ilə məşğuldular…
Filmdə baş rolları Keti Kraun, Kelsi Qremmer, Cennifer Eniston, Tay Burell, Anton Starkman, Denni Trexo və başqaları canlandırıblar.