MƏDƏNİYYƏT
“Nizami” Kino Mərkəzində “Xeyirlə şərin rəqsi”
Bakı, 27 may, AZƏRTAC
“Nizami” Kino Mərkəzində “Xeyirlə şərin rəqsi” filminin premyerası olub.
AZƏRTAC xəbər verir ki, filmin nümayişindən əvvəl yaradıcı heyətlə görüş keçirilib.
C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov son illərdə Azərbaycan kinosunun dünyada irəliləyişi barədə məlumat verib. O qeyd edib ki, hazırda Milli Məclisin müzakirəsinə kino haqqında yeni qanun layihəsi verilib və onun qəbulu milli kinematoqrafiyanın inkişafına təkan verəcək.
“Xeyirlə şərin rəqsi” filminin quruluşçu rejissoru Yavər Rzayev çəkiliş qrupunu təqdim edib.
Xalq Yazıçısı Çingiz Abdullayev bildirib ki, bu, onun əsərləri əsasında Azərbaycanda çəkilən üçüncü filmdir. Ümumiyyətlə isə onun romanları əsasında 10 film çəkilib.
Baş rolun ifaçısı İlqar Muradov qeyd edib ki, onun üçün Çingiz Abdullayevin bir çox kitablarının əsas qəhrəmanı olan Dronqonun rolunda çəkilmək böyük şərəfdir. İ.Muradov Ç.Abdullayevə filmin qəhrəmanının əsas atributunu ¬– çəliyi bağışlayıb.
Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında çəkilən filmin təməlində Xalq Yazıçısı Çingiz Abdullayevin “Quba kapriççiosu” əsəri durur.
Filmin quruluşçu rejissoru Azərbaycanın Əməkdar İncəsənət Xadimi Yavər Rzayev, ssenari müəllifləri Çingiz Abdullayev və Yavər Rzayev, quruluşçu operatoru Nadir Mehdiyev, quruluşçu rəssamı əməkdar rəssam Rafiq Nəsirov, bəstəkarları Azərbaycanın Xalq Artisti Siyavuş Kərimi və Emin Kərimi, icraçı prodüseri Nadir Əliyev, prodüseri Müşfiq Hətəmovdur.
Filmdə Azərbaycanın Xalq Artisti Məbud Məhərrəmov, əməkdar artistlər Qurban İsmayılov və İlqar Muradov, aktyor Rasim Cəfərov və başqaları çəkilib.