MƏDƏNİYYƏT
Nizami Kino Mərkəzində yeni filmlərin nümayişinə başlanılıb
Bakı, 13 fevral, AZƏRTAC
Nizami Kino Mərkəzində “Dedpul”, “Fəal axtarışda” bədii filmlərinin və “Buni ayıları: Sirli qış” 3d animasiya filminin nümayişinə başlanılıb.
Bu barədə AZƏRTACA-a mərkəzdən məlumat verilib. Amerika və Kanada istehsalı olan “Dedpul” filmini rejissor Tim Miller fantastika, döyüş, triller və macəra janrında çəkib. Ueyd Uilson silahlı qüvvələrın tətbiq etdiyi “Silah X” proqramının muzdlu əsgəridir. O, böyük gücə, çevikliyə və şəfaya malikdir. Amma bu ona baha qiymətə başa gəlib: onun hüceyrə strukturu tez-tez dəyişir, sağlam düşüncəsi şübhə doğurur. Uilsonun yeganə istəyi sosial zibil quyusunda su üzündə qalmaqdır. Lakin quyunun axını çox güclüdür...
Filmdə baş rolları Rayan Reynolds, Morena Bakkarin, Karan Soni, Ed Skreyn, Maykl Benyer, Stefan Kapiçiç və başqaları oynayıblar.
Amerika istehsalı olan “Fəal axtarışda” filmi melodram və komediya janrındadır. Rejissoru Kristian Ditter, ssenari müəllifi Ebbi Kondur. Ərə getməmiş qızlar haqqında kitab yazan qadın xaricdə apardığı tədqiqatlar ucbatından bilmədiyi işin içinə girir. Filmdə baş rolları Dakota Conson, Rebel Uilson, Lesli Mann, Deymon Uayans və Anders Holm canlandırıblar.
Çin istehsalı olan “Buni ayıları: Sirli qış” animasiya filmini rejissorlar Dinq Lianq və Fuyan Lyu komediya janrında ekranlaşdırıblar. Film evlərini xilas etmək üçün göstərilən dostluq və mətinlik haqqında maraqlı bir nağıldır. Baş rollara Jenni Ansell, Rik Ceyn Qlen, Şivan Lamsden və başqaları çəkilib.