İQTİSADİYYAT
Nizami rayonunda Bəkir Çobanzadə küçəsi təmir olunur VİDEO
Bakı, 27 noyabr, AZƏRTAC
“Azəryolservis” ASC tərəfindən Bakının Nizami rayonunun Bəkir Çobanzadə küçəsində təmir işlərinə başlanılıb.
“Azəryolservis”dən AZƏRTAC-a bildirilib ki, təmir-tikinti işləri küçənin Mehdi Abbasov və Rüstəm Rüstəmov küçələri arasında yerləşən hissəsində aparılır.
Məlumata görə, küçədə səth sularının normal kənarlaşdırılması üçün nəzərdə tutulmuş mövcud yağış-kanalizasiya sistemi yenilənəcək, yeraltı kommunikasiya xətləri yolun hərəkət hissəsindən kənara köçürüləcək.
Piyadaların da rahatlığı nəzərə alınaraq təmir işləri çərçivəsində yol boyu hər iki istiqamət üzrə 1,5 metr enində yeni piyada səkiləri yaradılır. Səkilərin kənarlarına 1800 paqonmetrə yaxın yeni səki daşları düzülür.
Təmir-tikinti işləri zamanı küçənin köhnə asfalt-beton örtüyü yenisi ilə əvəzlənəcək. Ərazidəki 14 min kvadratmetr sahəyə yeni asfalt-beton örtüyünün döşənməsi planlaşdırılır.
Aparılan təmir-tikinti işləri çərçivəsində Bəkir Çobanzadə küçəsində yolun hərəkət hissəsinin müəyyən ərazilərdə genişləndirməsi işləri aparılacaq. Genişləndirmə işləri nəticəsində yolun hərəkət hissəsi 5 metrə yaxın genişləndiriləcək. Bu isə öz növbəsində nəqliyyat vasitələrinin rahat və maneəsiz hərəkətinə müsbət təsir göstərəcək.
Küçədə aparılan kompleks tədbirlər çərçivəsində cəmiyyət tərəfindən yol boyu işıqlandırma sistemi qurulacaq, nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə zəruri olan yerlərdə yol nişanları quraşdırılacaq yol cizgi xətlərinin və yol göstərici xətlərinin çəkilişi işləri aparılacaq.