SİYASƏT
Nizami rayonunda Müstəqillik Günü silsilə tədbirlərlə qeyd edilib
Bakı, 17 oktyabr, AZƏRTAC
18 oktyabr – Müstəqillik Günü münasibətilə paytaxtın Nizami rayonunda silsilə tədbirlər keçirilib.
AZƏRTAC xəbər verir ki, müstəqilliyimizin bərpasının 25-ci ildönümünü qeyd etmək üçün Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının ərazi ilk partiya təşkilatlarının fəalları bir araya gəliblər.
Tədbirlərdə YAP Nizami rayon təşkilatının aparat rəhbəri Ramil Vəlibəyov, “EKOL” ərazi ilk partiya təşkilatının sədri Ramil Əliyev, “Keşlə” ərazi ilk partiya təşkilatının sədri Əkbər Misginov, YAP Nizami rayon təşkilatının Şura üzvü Ələmdar Bafadarov, “Sərdaroğulları” ərazi ilk partiya təşkilatının sədri Ramil Əhmədov, “Kral” ərazi ilk partiya təşkilatının sədri Yavuz Həsənov və başqaları çıxış edərək bildiriblər ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra xalqımız azərbaycançılıq məfkurəsi ətrafında sıx birləşərək beynəlxalq hüququn subyektinə çevrilmək və demokratik, hüquqi, dünyəvi dövlət qurmaq imkanı əldə edib.
Çıxış edənlər müstəqilliyimizin müxtəlif dövrlərində həyata keçirilən tədbirlərdən, ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin müstəqilliyimizin qorunmasında, inkişaf etdirilməsində misilsiz xidmətlərindən danışıblar.
Sonda partiya fəallarına fəxri fərmanlar və hədiyyələr təqdim olunub.