MƏDƏNİYYƏT
Nizami rayonunda bədii qiraət müsabiqəsinə yekun vurulub
Bakı, 17 aprel, AZƏRTAC
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə və Azərbaycanda keçirilən IV İslam Həmrəyliyi Oyunlarına dəstək məqsədilə Nizami Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının və rayon Uşaq və Gənclər Yaradıcılıq Mərkəzinin birgə təşkilatçılığı ilə “Həmrəyliyimiz birliyimizdir” mövzusunda bədii qiraət müsabiqəsi keçirilib.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, əvvəlcə ulu öndər Heydər Əliyevin və vətən torpaqları uğrunda canından keçən qəhrəman oğul və qızlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə YAP Nizami rayon təşkilatının baş təlimatçısı Lamiyə Əhmədova, rayon Uşaq və Gənclər Yaradıcılıq Mərkəzinin direktor müavini Kəmalə Əncümənur, münsiflər heyətinin üzvü Xanım İsmayılova bildiriblər ki, müsabiqənin keçirilməsində məqsəd ulu öndər Heydər Əliyevin Azərbaycan dövləti qarşısındakı misilsiz fəaliyyəti, onun dövlətçiliyimizin xilaskarı olması və bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin əsasının məhz Ümummilli Lider tərəfindən qoyulması ilə bağlı məlumatların şagirdlərə çatdırılmasından ibarətdir.
Çıxışlardan sonra müsabiqəyə start verilib.
Müsabiqədə 24 məktəbin nümayəndəsi iştirak edib. Hər bir müsabiqə iştirakçısının səsləndirdiyi şeirlər münsiflər heyəti tərəfindən qiymətləndirilib. Mətnin müsabiqənin mövzusuna uyğun seçilməsi, diksiya, düzgün tələffüz, orfoepiya qaydaları və obrazlı ifa kimi kriteriyalar əsasında aparılmış qiymətləndirmənin nəticəsi olaraq 12 nömrəli orta məktəbin şagirdi birinci, 32 və 328 nömrəli orta məktəblərin şagirdləri ikinci, 61, 201 və 242 nömrəli məktəblərin təmsilçiləri isə üçüncü yerə layiq görülüblər.
Sonda qaliblərə medal və diplomlar təqdim edilib.