İQTİSADİYYAT
Nizami rayonunda doqquz ayda 1000-dən çox yeni iş yeri açılıb
Oktyabrın 25-də Nizami rayonunda cari ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunları ilə əlaqədar hesabat yığıncağı keçirilib.
AZƏRTAC xəbər verir ki, rayon icra hakimiyyətinin başçısı Tahir Budaqov respublikamızda dinamik inkişafın təmin edilməsində Nizami rayonunun da özünəməxsus payı olduğunu deyib. Bildirilib ki, ötən dövrdə rayonda aparılan uğurlu yenidənqurma işləri nəticəsində sənaye müəssisələrinin fəaliyyəti daha da canlanıb.
Cari ilin 9 ayında Nizami rayonunun sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr haqqında rayon icra hakimiyyəti başçısının müavini İldırım Mehdiyevin məruzəsi dinlənilib. Məruzəçi qeyd edib ki, hesabat dövründə rayonda fəaliyyət göstərən müəssisələr tərəfindən 347,4 milyon manatlıq məhsul istehsal olunub. Bu da ötən ilin müvafiq dövrünə nisbətən 13,6 faiz çoxdur.
Yanvar-sentyabr aylarında rayon üzrə pərakəndə ticarət dövriyyəsinin həcmi isə 17,5 faiz artaraq 1367,6 milyon manat, əhaliyə göstərilən pullu xidmətlərin real həcmi isə 1,8 faiz artaraq 245,6 milyon manat olub.
Hesabat dövründə rayonda 1003 yeni iş yeri açılıb, orta aylıq əmək 491 manat təşkil edib. Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində 3 min 149 ailəyə ünvanlı sosial yardım təyin edilib. Ötən 9 ayda rayon Məşğulluq Mərkəzi tərəfindən 1132 işaxtaran qeydiyyata götürülüb ki, onların 494 nəfəri qadın, 103 nəfəri isə qaçqın və məcburi köçkünlərdir. Mərkəzə müraciət edən vətəndaşlardan 464 nəfəri münasib işlə təmin olunub.
Sonra məruzə ətrafında çıxışlar dinlənilib.
Hesabat dövründə görülən digər işlərdən də danışan Tahir Budaqov qeyd edib ki, “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na əsasən hazırda Bakı Texniki Kollecində əsaslı təmir və yenidənqurma işləri davam etdirilir. Hesabat dövründə rayon icra hakimiyyətinin daxili resursları hesabına 61 nömrəli məktəbin ərazisində süni örtüklü voleybol, basketbol və futbol meydançaları qurulub, hazırda isə 110 və 172 nömrəli uşaq bağçalarının hər birində 80 yerlik əlavə korpuslar tikilir.
2014-2015 payız-qış mövsümünə hazırlıqla əlaqədar rayondakı 47 binanın magistral, məhəllədaxili və aşağıpaylama istilik xətləri əsaslı təmir edildiyini deyən T.Budaqov təhsil, səhiyyə, mədəniyyət və idman obyektlərinin tikilməsinin, həmçinin Q.Qarayev prospektinin yenidən qurulmasının qarşıda duran əsas vəzifələrdən olduğunu vurğulayıb.
İclasda əldə edilən nailiyyətlərlə yanaşı, həllini gözləyən problemlər və onların aradan qaldırılması yolları, nəzərdə tutulan abadlıq işləri və vətəndaşların müraciətləri ilə bağlı görülən tədbirlər də müzakirə olunub.
Sonda Prezident İlham Əliyevin sentyabrın 30-da imzaladığı Sərəncamlara əsasən “Əməkdar müəllim” fəxri adına və “Tərəqqi” medalına layiq görülən təhsil işçiləri mükafatlandırılıb.