İQTİSADİYYAT
Nizami rayonunda doqquz ayın yekunları və qarşıda duran vəzifələr müzakirə olunub
Bakı, 21 oktyabr, AZƏRTAC
Nizami Rayon İcra Hakimiyyətində 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib.
AZƏRTAC xəbər verir ki, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov hesabat dövründə rayonda görülən işlər barədə danışıb.
Bildirilib ki, rayonda istehsal edilmiş sənaye məhsulunun həcmi 5,5 faiz artaraq 364,3 milyon manat, ixrac olunmuş malların dəyəri 1,3 milyon manat, yerinə yetirilən podrat işlərinin həcmi 38,8 faiz artaraq 315,2 milyon manat, əsas kapitala yönəldilən investisiyanın həcmi 64,4 milyon manat, pərakəndə ticarət dövriyyəsinin həcmi 3,1 faiz artaraq 1775,9 milyon manat, əhaliyə göstərilən pullu xidmətlərin həcmi 4,3 faiz artaraq 189,3 milyon manat, rabitə sahəsində göstərilən xidmətlərin həcmi 2,7 faiz artaraq 242,0 milyon manat, nəqliyyat sahəsində göstərilən xidmətlərin həcmi 8,4 faiz artaraq 106,8 milyon manat olub. Həmçinin hesabat dövründə rayonda 1715 iş yeri açıldığı, orta aylıq əmək haqqının 12,8 faiz artaraq 595,1 manat olduğu qeyd edilib. Bundan əlavə, ictimai-siyasi, humanitar, xidmət və təsərrüfat sahələri üzrə görülən işlər barədə hesabat verilib.
Milli Məclisin deputatları Sədaqət Vəliyeva və Rasim Musabəyov çıxış edərək, Prezident İlham Əliyevin apardığı uzaqgörən siyasət sayəsində respublikamızın dünya miqyasında sürətlə inkişaf edən ölkələr sırasında qabaqcıl yerlərdən birini tutduğunu, sosial, iqtisadi, siyasi, mədəni sahələrdə yüksək göstəricilər və nəticələr qazanaraq qüdrətini daha da artırdığını diqqətə çatdırıblar. Deputatlar, həmçinin rayonda aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri barədə danışıblar.
Sonda Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan təhsilinin inkişafında xidmətlərinə görə “Əməkdar müəllim” fəxri adına layiq görülən, “Tərəqqi” medalı ilə təltif olunan müəllimlərə hədiyyələr təqdim edilib.