CƏMİYYƏT


Nizami rayonunda hesabat yığıncağı keçirilib

A+ A

Bakı, 15 iyul, AZƏRTAC

İyulun 14-də Nizami Rayon İcra Hakimiyyətində 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib.

İcra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə tədbir iştirakçıları xalqımızın ümummilli lideri Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad ediblər.

Yığıncaqda rayon icra hakimiyyətinin başçısı Arif Qasımov iyulun 10-da Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısının dünyada təhlükələrin artdığını, iqtisadi böhranın daha da dərinləşdiyini və bütün ölkələrin bu böhrandan müxtəlif formada əziyyət çəkdiyi bir dövrdə Azərbaycanda uğurlu inkişafın təmin edildiyini, ictimai-siyasi vəziyyətin sabit qaldığını iştirakçıların diqqətinə çatdırıb.

Həmçinin A.Qasımov Nizami rayonunda 2016-cı ilin yanvar-iyun aylarında fəaliyyət göstərən müəssisələr tərəfindən 212,8 milyon manat dəyərində sənaye məhsulu istehsal edildiyini, sənayedə istehsalın 21,4 faizi qeyri-dövlət sektoruna aid olduğunu, rayon iqtisadiyyatının və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələri hesabına əsas kapitala 16,1 milyon manat həcmində investisiya yönəldildiyini qeyd edib.

Bundan əlavə, A.Qasımov 6 ay ərzində rayonda 1113 yeni iş yeri açıldığını vurğulayaraq bildirib ki, bu iş yerlərinin 126-sı yeni, 109-u mövcud müəssisə və təşkilatlarda, 53-ü fəaliyyətini bərpa etmiş müəssisələrdə, 825-i isə fiziki şəxslər tərəfindən açılıb.

Sonra icra hakimiyyəti başçısının müavini İldırım Mehdiyev 2016-cı ilin birinci yarısının rayonun sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrlə bağlı çıxışı dinlənilib.

Milli Məclisin deputatları Sədaqət Vəliyeva və Rasim Musabəyov Prezident İlham Əliyev tərəfindən aparılan uzaqgörən siyasət nəticəsində respublikamızın dünya miqyasında sürətlə inkişaf edən ölkələr sırasında öncül yerlərdən birini tutduğunu, sosial, iqtisadi, siyasi, mədəni sahələrdə yüksək göstəricilər və nəticələr qazanaraq qüdrətini daha da artırdığını diqqətə çatdırıblar.

Yığıncağın sonunda A.Qasımov qarşıda duran vəzifələrlə bağlı aidiyyəti təşkilatlara tapşırıqlar verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.