ELM VƏ TƏHSİL
Nizami rayonunda inşa və rəsm müsabiqələrinin qalibləri mükafatlandırılıblar
Bakı, 24 aprel, AZƏRTAC
Nizami Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatı tərəfindən ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edilən “Həmrəyliyimiz birliyimizdir” mövzusunda inşa və rəsm müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Təşkilatdan AZƏRTAC-a bildiriblər ki, müsabiqələr Azərbaycanda keçirilən IV İslam Həmrəyliyi Oyunlarına dəstək məqsədilə təşkil edilib.
Əvvəlcə tədbir iştirakçıları rəsm sərgisi ilə tanış olublar.
YAP Nizami rayon təşkilatının aparat rəhbəri Ramil Vəlibəyov və digər çıxış edənlər ölkəmizdə dövlət tərəfindən idmanın inkişafı istiqamətində həyata keçirilən siyasətin bu sahədə böyük uğurların qazanılması ilə nəticələndiyini vurğulayıblar. Diqqətə çatdırılıb ki, bu uğur özünü dünya miqyaslı yarışlarda əldə edilən qələbələrdə, ölkəmizdə keçirilən nüfuzlu idman yarışlarında, müasir idman infrastrukturunun yaradılmasında və idman ətrafında böyük gənclik ordusunun cəmləşməsində göstərir. Artıq bu gün Azərbaycanda yaradılmış müasir səviyyəli idman infrastrukturu istənilən yarışa yüksək səviyyədə ev sahibliyi etməyə imkan verir. Bütün istiqamətlərdə olduğu kimi, idman sahəsində də ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Sonda inşa və rəsm müsabiqəsinin qaliblərinə medal və diplomlar təqdim olunub.