İQTİSADİYYAT
Nizami rayonunun Mikayıl Əliyev küçəsində təmir-tikinti işlərinə başlanılıb
Bakı, 7 oktyabr, AZƏRTAC
Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən Bakı şəhərinin Nizami rayonu, Mikayıl Əliyev küçəsində nəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətini təmin etmək məqsədilə təmir-tikinti işlərinə başlanılıb.
“Azəryolservis”in mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Mikayıl Əliyev küçəsinin təmir olunan hissəsi Mehdi Abbasov küçəsi ilə Rüstəm Rüstəmov küçəsi arasında yerləşir. Təmir-tikinti işlərinin aparıldığı hissənin uzunluğu 1375 metr, eni isə 26,5 metrdir. Burada təmir işləri kommunikasiya xətlərinin çəkilişi ilə məşğul olan qurumlarla birgə aparılır. Kompleks halında aparılan təmir-tikinti işləri gələcəkdə yolun hərəkət hissəsinin vaxtından əvvəl sıradan çıxmasını sığortalamış olacaq.
Hazırda Mikayıl Əliyev küçəsində yolun hərəkət hissəsi yeni asfalt-beton örtüyünün döşənməsi üçün hazır vəziyyətə gətirilir. Bunun üçün köhnə asfalt-beton örtüyünün üst qatı ərazidən daşınır. Ümumilikdə küçənin 36500 kvadratmetr sahəsinin asfaltlanması nəzərdə tutulub.
Paralel olaraq köhnə səki daşlarının yenisi ilə əvəzlənməsi, zəruri olan yerlərə səki daşlarının düzülməsi prosesi də həyata keçirilir. Küçə boyu 1700 paqonmetr yeni səki daşının düzülməsi planlaşdırılır.
Təmir-tikinti işləri çərçivəsində küçə boyu 1,5 metr enində yeni səki salınacaq, yolun işıqlandırılması üçün hər iki tərəfdə yeni və müasir işıq dirəkləri quraşdırılacaq. Bundan başqa, səth sularının normal kənarlaşdırılması üçün nəzərdə tutulmuş yağış-kanalızasiya sistemi yaradılacaq, yeni yağış barmaqlıqlar qoyulacaq.
Mikayıl Əliyev küçəsində təmir-tikinti işləri tərtib olunmuş cədvələ əsasən aparılır və vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb olunub.