ELM VƏ TƏHSİL
Nobel mükafatçısı İqtisad Universitetində
Bakı, 1 oktyabr, AZƏRTAC
Beşinci Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün ölkəmizə gəlmiş Nobel mükafatçısı, professor Edvard Preskot Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) olub.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, alimlə keçirilən görüşdə bu ali təhsil ocağının prorektoru Şahin Bayramov dünya şöhrətli iqtisadçıya universitetdə həyata keçirilən yeniliklər barədə məlumat verib. Diqqətə çatdırılıb ki, UNEC-in fəxri doktoru olan E.Preskot makroiqtisadiyyatın tənzimlənməsi, iqtisadi siyasətin zaman ardıcıllığı, biznesin hərəkətverici qüvvələri və iqtisadiyyatın digər sahələrinin inkişafına töhfəsini verməkdədir.
Söhbət zamanı E.Preskot universitetin əməkdaşlarının, xüsusən tələbələrinin intellektual səviyyəsinin yüksək olduğunu və bunun ölkədəki təhsilin səviyyəsindən xəbər verdiyini bildirib. Vurğulanıb ki, iqtisadi cəhətdən inkişaf edən Azərbaycan üçün gələcək iqtisadçıların hazırlanmasında UNEC-in rolu böyükdür.
Forumun əhəmiyyətindən danışan alim diqqətə çatdırıb ki, Bakının ev sahibliyi etdiyi bu tədbir dünyanın 80-dək ölkəsindən 400-dən çox nümayəndəni bir araya gətirib. İqtisadiyyatı sürətlə inkişaf edən Azərbaycan digər ölkələr üçün yaxşı tərəfdaşdır. Forum bu tərəfdaşlığın güclənməsinə mühüm töhfə verməkdədir.