ELM VƏ TƏHSİL
Nobel mükafatçısı UNEC-də məruzə edəcək
Bakı, 7 iyun, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) iyunun 14-də beynəlxalq elmi-praktik konfrans keçiriləcək. Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi, UNEC, Clarivate Analytics (Thomson Reuters), Beynəlxalq Elmi və Texniki İnformasiya Mərkəzinin təşkilatçılığı ilə keçiriləcək beynəlxalq elmi-praktik konfrans “Universitetlərdə elmi fəaliyyətin müasir idarəetmə modeli” mövzusuna həsr olunacaq.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, konfransda yerli alimlərlə yanaşı, Almaniya, Fransa, Türkiyə, Rusiya, Litva, Qazaxıstan, Gürcüstan, Moldova, Belarus və digər ölkələrin nüfuzlu ali təhsil müəssislərinin rəhbərləri, elm adamları, tədqiqatçıları iştirak edəcəklər. Konfransda Nobel mükafatçısı Aziz Sancar məruzə edəcək.
Dünyanın nüfuzlu alimlərinin toplaşdığı elmi platformada elm və təhsilin problemləri, perspektivləri, universitetlərdə elmmetriyanın tətbiqi, elmin iqtisadiyyatı və maliyyələşdirilməsi, əqli mülkiyyət hüquqlarının və elmi etikanın qorunması ilə bağlı müzakirələr aparılacaq.
Konfrans ərəfəsində iyunun 13-də UNEC-də “Web Of Science” Sertifikasiya Proqramı üzrə seminar-treninq və “Web of Science bazasından istifadə və əməliyyat aparma qaydaları”na həsr olunan təlim təşkil ediləcək.
Konfransda “Elmmetrik: Elm və texnoloji inkişaf” adlı kitabın təqdimatı keçiriləcək.