SİYASƏT


Nobel mükafatı laureatları Bakıda dünyanın əsas problemlərini müzakirə ediblər

A+ A

Moskva, 5 oktyabr, AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi ilə Bakıda keçirilən ənənəvi Beynəlxalq Humanitar Forumu mübaliğəsiz, dünya səviyyəli tədbirdir. Forumda dövlət liderləri, alimlər, biznesmenlər, incəsənət, mədəniyyət və elm adamları iştirak edirlər. İştirakçılar qarşısında bütün bəşəriyyəti narahat edən ən aktual məsələlərin heç də asan olmayan müzakirəsi vəzifəsi durur. Məhz buna görə Prezident Vladimir Putin Forum iştirakçılarına ünvanladığı məktubda nüfuzlu tədbirin nəticəsinin bütün ölkələrin xalqları arasında əməkdaşlığın möhkəmləndirilməsi olacağına əminliyini ifadə edib.

Forumun açılış mərasimindəki nitqində Prezident İlham Əliyev Avropada sivilizasiyaların toqquşmasına sürükləyən radikalizmin güclənməsini vurğulayıb. 13 Nobel mükafatı laureatının iştirak etdiyi plenar iclas bu və digər aktual məsələlərə həsr olunmuşdu. Ekspertlər bu nəticəyə gəlib çıxdılar ki, müzakirə olunan məsələləri qlobal adlandırmaq olar, yəni onlar bütün ölkələr üçün səciyyəvidir. Buna görə də həmin problemlərlə birlikdə məşğul olmaq lazımdır.

Kimya üzrə Nobel mükafatı laureatı Avram Herşkonun (İsrail) fikrincə, Bakı Beynəlxalq Humanitar Forumu müasir dövrün başlıca problemlərini müzakirə etmək üçün əla imkandır, beynəlxalq birliyin düzgün formalaşdırdığı və qavradığı məsələlər isə onların həllinə doğru ciddi addımdır.

Kimya üzrə digər Nobel mükafatı laureatı, 93 yaşlı Rudolf Artur Markus (ABŞ-Kanada) nikbin ovqatdadır. Onun fikrincə, müəyyən səylərlə bəşəriyyəti xilas etmək olar. Bunu qeyd edərkən R.Markus bütün dövlətlərin birgə səyləri ilə ölçüsü xeyli azalan ozon dəliyini nümunə göstərir. R.Markusun fikrincə, bu cür nümunələr ölümcül təhlükə zamanı sağlam zəkanın zəfər qazanacağını deyir.

Nigeriyalı dramaturq və şair Vole Şoyinku təkcə Avropa yox, həm Rusiya, həm də Azərbaycan üçün çox aktual olan qaçqın və məcburi köçkünlərin problemini qaldırdı. Nobel mükafatı laureatı dedi: “Əhali artıqlığı regional çalarını itirib və bir növ pandemiyaya çevrilib. Qlobal qaçqın böhranı müasir həyatın aspektlərindən biri olub. Məcburi köçkünlərin öz yerini tapmalı olmasını anlamaq vacibdir. Çünki bir sıra ölkələrdə münaqişələr onilliklərlə davam edir. Bu, nəhəng köç dalğasının əsas səbəbidir”.

Fiziologiya və tibb üzrə Nobel mükafatı laureatı Rudolf Martin Sinkernagelin (İsveçrə) fikrincə isə, bu gün Yer kürəsi sakinlərinin əsas problemi əhali artıqlığıdır. Əhalinin əksəriyyəti yoxsulluq həddindən aşağı səviyyədə yaşayır. Statistik məlumatlara görə, inkişaf etməkdə olan, eləcə də inkişaf etmiş ölkələrdə doğum göstəriciləri əhalinin əksəriyyətinin yoxsulluqdan aşağı səviyyədə yaşadığı dövlətlərlə müqayisədə çox aşağıdır. Məsələn, 2011-ci ildə kimya üzrə Nobel mükafatı laureatı olmuş Dan Şextman (İsrail) aşağıdakı rəqəmləri qeyd edir: “İnkişaf etmiş ölkələrdə qadınbaşına 2,1 uşaq, Sinqapurda, Tayvanda bir uşaq, Afrikada isə yeddi uşaq düşür”. Fizioloq və həkim Rudolf Sinkernagelin rəyinə görə, əhalinin savadlılığı uşaq doğumu məsələsini ciddi nizamlayır. Məsələn, yaxşı təhsilə malik qadınların sayının artması ilə italyan ailələrində (ənənəvi olaraq bu ailələrdə 10-12 uşaq doğulur) uşaqların da sayı xeyli azalıb. Təhsilli qadınların xeyli artmasını ekspertlər yekdilliklə təqdir etdilər, çünki gələcək nəsli məhz ananın təhsil dərəcəsi formalaşdırır. Dan Şextman hətta hesab edir ki, uşaqları elmlə mümkün qədər tez, yəni uşaq bağçasından tanış etmək lazımdır. Bu, uşaq şüurunun xüsusi həssaslığı və çevikliyi ilə bağlıdır. Yeri gəlmişkən, müzakirə iştirakçıları Azərbaycanda gənclərin təhsilinə göstərilən diqqəti xüsusi qeyd ediblər. Belə ki, ölkəmizdə istedadlı gənclərin dövlət hesabına xaricdə təhsil almaq imkanı var.

Yer kürəsində əhali artıqlığı problemi ilə başqa bir problem də yaxından bağlıdır - qida çatışmazlığı. Fiziologiya və tibb üzrə Nobel mükafatı laureatı Riçard Con Roberts (Böyük Britaniya) izah edir: “Bu gün 800 milyon insan yatağa ac uzanır, onlar qida korluğu çəkir. Genetik cəhətdən modifikasiya olunmuş məhsullardan istifadə problemin həlli ola bilərdi. Lakin siyasətçilər insanları inandıra biliblər ki, bu məhsullar çox təhlükəlidir. Halbuki genetik cəhətdən modifikasiya olunmuş qidaların problemlər doğurduğuna dair heç bir hadisə qeydə alınmayıb. Amma ənənəvi məhsullarla bağlı belə hallar olub”. Alimin fikrincə, məhz inkişaf etməkdə olan ölkələr genetik cəhətdən modifikasiya olunmuş məhsullardan fəal istifadəyə ehtiyac duyurlar. Yalnız insanları düzgün məlumatlandırmaq lazımdır ki, bu, mütləq mənada pis və ya ölümcül deyil. Riçard Con Roberts fikrinin davamı olaraq əlavə edib: “Məsələn, genetik cəhətdən modifikasiya olunmuş bananlar xəstəliklərə həssas deyil. Uqandada gəlirlərin 30 faizi banandan asılıdır. İndi bu ölkədə banan yetişdirilməsi demək olar ki, məhv edilib”.

Yalnız qida ehtiyatları tükənmir. Digər təbii resursların çatışmazlığı ilə qarşılaşacağımız zaman da uzaqda deyil. Bu problemin necə həll ediləcəyini artıq indidən düşünmək lazımdır. Bakı Forumunun plenar iclasında çıxışı zamanı fizika üzrə Nobel mükafatı laureatı Robert Bets Laflin (ABŞ) bu barədə danışarkən bildirib: “Bugünkü energetikanın mənbəyi tükənən resurslardır. Bu bir çox nəsillər üçün mövcud olan problemdir. Tükənən resurslar bitdikdə, onları bərpa etmək mümkün olmayacaq. Bəşəriyyət artıq indidən bu barədə düşünməlidir”. Alim güman edir ki, gələcək yeni ixtiralardan, yeni mexanizmlərdən, yeni gənc mütəxəssislərdən asılıdır.

İclasdan sonra iştirakçılar müzakirəni yüksək qiymətləndirdilər. Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, Rusiya Federasiyası Dövlət Dumasının deputatı Dmitri Savelyev bildirir: “Bəşəriyyət qarşısında müxtəlif ciddi problemlər durur: iqlim dəyişikliyi, resursların çatışmazlığı, münaqişələrin artan sayı, getdikcə genişlənən miqrasiya. Bu problemləri ən yaxşı alimləri, ictimaiyyəti cəlb etməklə, bütün ölkələrin səylərini birləşdirərək birlikdə həll etmək vacibdir. Çox yaxşı ki, Azərbaycan Bakı Beynəlxalq Humanitar Forumu kimi möhtəşəm müzakirə platforması yaradıb. Nobel mükafatı laureatları, aparıcı alimlər hamımızın qarşısında duran çox mürəkkəb məsələlərin həll yollarını təklif edərək Forumda müasir dövrün ən aktual problemlərini qaldırır və müzakirə edirlər”.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.