RƏSMİ XRONİKA


Nohurqışlaq-Tüntül-Yengicə avtomobil yolu əsaslı təmirdən sonra istifadəyə verilib VİDEO

A+ A

Qəbələ, 10 avqust, AZƏRTAC

Avqustun 10-da Prezident İlham Əliyev Qəbələ rayonuna səfəri çərçivəsində Nohurqışlaq-Tüntül-Yengicə avtomobil yolunun əsaslı təmirdən sonra açılışında iştirak edib.

“Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədov dövlətimizin başçısına məlumat verdi ki, Nohurqışlaq-Tüntül-Yengicə avtomobil yolu respublika əhəmiyyətli Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun 52-ci kilometrliyindən ayrılan yerli əhəmiyyətli yoldur. Dördüncü texniki dərəcəyə uyğun yenidən qurulan və iki hərəkət zolağından ibarət olan yolun uzunluğu 12,2 kilometr, eni 6 metrdir. Torpaq yatağının eni isə ərazilərdən asılı olaraq 8-10 metr arası dəyişir. Yenidənqurma işləri zamanı yolun deformasiyaya uğramış hissələri qazılaraq çıxarılıb, yenidən kipləşdirilib və yola yeni asfalt-beton örtüyü döşənib. Səth sularının avtomobil yolunun altından ötürülməsi üçün nəzərdə tutulmuş və dağılmış suötürücü borular yeniləri ilə əvəz edilib, yeni su keçidləri inşa olunub.

Ümumilikdə uzunluğu 113 metr olan 12 suötürücü boru tikilib və təmir olunub. Yolun Tüntül kəndi ərazisində dəmir-beton körpü inşa edilib. Avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədilə zəruri olan yerlərdə avtobus dayanacaqları tikilib, yol nişanları quraşdırılıb, yol cizgi və yol göstərici xətlərinin çəkilişi işləri həyata keçirilib.

Bu yol Qəbələ rayonunun 3 yaşayış məntəqəsinin 7 min nəfərə yaxın əhalisinin gediş-gəlişini xeyli asanlaşdırmaqla yanaşı, Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yoluna maneəsiz çıxışı təmin edir, həmçinin kənd təsərrüfatı məhsullarının rahat şəkildə rayon mərkəzlərinə çıxarılmasına imkan yaradır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır