İDMAN
Nona Qaprindaşvili: Bakı Şahmat Olimpiadasının oyun zalı çox möhtəşəmdir
Bakı, 9 sentyabr, AZƏRTAC
Qadınlar arasında şahmat üzrə sabiq dünya çempionu Nona Qaprindaşvili 42-ci Ümumdünya Şahmat Olimpiadasının altıncı turunun oyunlarını izləyib.
AZƏRTAC xəbər verir ki, “Baku Crystal Hall”un sərgi salonuna da baxan N.Qaprindaşvili iki ildən sonra Batumidə keçiriləcək növbəti olimpiadanın stendi ilə də tanış olub.
Sonra təəssüratlarını bölüşən Nona Qaprindaşvili deyib: “Bakıda sonuncu dəfə bir il əvvəl olmuşam. Həmin vaxt burada şahmat üzrə Dünya Kuboku keçirilirdi. Olimpiadadan zövq almaq üçün yenidən məmnuniyyətlə Azərbaycan paytaxtına gəldim. Bakıdakı Olimpiadanın yüksək səviyyədə təşkil olunacağına şübhəm yox idi. Şərait əladır, Olimpiadanın oyun zalı çox möhtəşəmdir. Buradakı atmosferdən zövq alıram”.
Sabiq dünya çempionu Gürcüstanın qadınlardan ibarət yığmasının çıxışını da dəyərləndirib: “Turnirin startında onlar gözlənilmədən Filippinə uduzdular. Bu məğlubiyyət anlaşılmaz idi. İstənilən halda, millimizin Olimpiadada medallar uğrunda mübarizə aparacağını düşünürəm”.
Batumidə baş tutacaq növbəti Olimpiadanı səbirsizliklə gözlədiklərini qeyd edən N.Qaprindaşvili deyib: “Batumi dəniz sahilində yerləşən və əla infrastruktura malik şəhərdir. Olimpiadaya hazırlıq yaxşı təşkil olunacaq, oyun zalı ilə bağlı da heç bir problem yoxdur. Olimpiadaya yüksək səviyyədə hazırlaşmaq üçün hələ iki ilimiz var”.
Şahmat dünyasının diqqətinin qarşıdakı illərdə Azərbaycana və Gürcüstana yönələcəyini qeyd edən sabiq dünya çempionu bildirib: “Bakı iki dəfə FIDE-nin Qran-prisinə, Dünya Kubokuna ev sahibliyi edib. Hazırda isə burada Olimpiada təşkil olunur. Tiflisdə də FIDE-nin Qran-prisi keçirilib. Növbəti il Gürcüstan paytaxtı dünya kubokunu, daha sonra Batumi Olimpiadanı qəbul edəcək. Artıq lazım olan hazırlıqlara start vermişik”.