İDMAN
Nona Qaprindaşvili Kubokunun sahibi müəyyən edildi
Bakı, 18 sentyabr (AZƏRTAC). Gürcüstanın paytaxtında şahmat üzrə dəfələrlə dünya çempionu Nona Qaprindaşvili Kuboku uğrunda Beynəlxalq turnir başa çatıb. Yarışda Azərbaycan, Gürcüstan, Rusiya, Ukrayna, Qazaxıstan, Braziliya, İran və Ermənistan idmançıları iştirak edirdilər.
AZƏRTAC xəbər verir ki, “A” open-turnirində 9 mümkün xaldan 7,5 xal toplamış yerli qrossmeyster Luka Payçadze qalib gəlib. Ukrayna şahmatçısı Vladimir Onişşuk liderdən yarım xal geri qalıb.
Turnirdə Azərbaycanı təmsil edən iki şahmatçıdan Müşfiq Əsgərov daha yaxşı nəticə göstərib. O, 5 xal toplayaraq 265 oyunçu arasında 27-ci yeri tutub. Digər Azərbaycan şahmatçısı Vüsal Abbasov 3,5 xal nəticə ilə 53-cü yerdə qərarlaşıb.
Turnir İsveçrə sistemi üzrə “A” və “B” kateqoriyalı turnirlərlə festival, habelə 8, 10 və 12 yaşlı idmançılar arasında yarışlar şəklində keçirilirdi.