İQTİSADİYYAT
“Norm Sement” “BakuBuild”də yüksək keyfiyyətli məhsullarını təqdim edir
Bakı, 23 oktyabr, Ramiz Quliyev, AZƏRTAC
“Norm Sement” zavodu bu il də yüksək keyfiyyətli məhsulları ilə “BakuBuild” sərgisində iştirak edir.
Müəssisənin nümayəndəsi Azər Kərimov AZƏRTAC-a bildirib ki, “Norm Sement” cənubi Qafqazın ən iri sement zavodudur. Zavodda sement quru üsul texnologiyası ilə istehsal olunur. Əsas texnoloji avadanlıqlar Almaniya, Fransa, Niderland və İsveçrənin aparıcı şirkətlərinin istehsalıdır.
Onun sözlərinə görə, zavodun istehsal gücü ildə 2 milyon ton sement təşkil edir ki, bu da Azərbaycanın tikinti sənayesinin sementə olan tələbatını artıqlaması ilə ödəməyə imkan verir. Müəssisənin fəaliyyəti sement və klinker idxalından asılılığı tamamilə aradan qaldırır.
A.Kərimov həmçinin vurğulayıb ki, Almaniyanın VDZ Elmi-Tədqiqat İnstitutu zavodun bütün məhsullarına Avropa standartlarına uyğunluq sertifikatı verib. “Norm Sement” zavodu əhalinin işlə və sabit gəlirlə təmin edilməsində əhəmiyyətli rola malikdir. Müəssisədə 330 nəfər, köməkçi sahələrdə isə əlavə 150 nəfər çalışır.