SİYASƏT
Norveç QHT-ləri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bəyanat yayıblar
Bakı, 27 yanvar, AZƏRTAC
Norveçin 25 qeyri-hökumət təşkilatını özündə birləşdirən Saqene Beynəlxalq və Multikultural Könüllülər Mərkəzi (SAİFF) Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın mövqeyini dəstəkləyən bəyanat yayıb. Bu barədə AZƏRTAC-a Norveç Azərbaycanlıları Gənclər Təşkilatının sədri Ramil Əliyev məlumat verib.
Bəyanatda bildirilir ki, BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan torpaqlarından çıxarılması ilə bağlı 4 qətnamə qəbul etməsinə baxmayaraq, ədalət bu günə qədər öz yerini tapmayıb. Qeyd edilir ki, erməni işğalından əvvəl Qarabağda 600-dən çox tarixi abidə və 1050-dən artıq qədim tikili mövcud olub. İşğal nəticəsində təkcə Qafqazın konservatoriyası kimi tanınan Şuşada 36 təhsil ocağı, 435 mədəni və dini mərkəz, 10 muzey və qala məqsədyönlü şəkildə dağıdılıb.
Bəyanatda Ermənistanın hələ 1988-ci ildə, Sovet İttifaqının süqutundan əvvəl Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış etdiyi və hərbi əməliyyatlara başladığı diqqətə çatdırılır. 1994-cü ildə atəşkəs elan olunana qədər Ermənistan silahlı qüvvələri Dağlıq Qarabağı və onun ətrafındakı 7 rayonu işğal etmişdi. İşğalçılar zəbt etdikləri ərazilərdə tarixi və mədəni irsi qəsdən dağıdıb, etnik təmizləmə həyata keçiriblər. Bütün bunlar Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması haqqında 1954-cü il Haaqa və Ümumdünya mədəni və təbii irsin qorunması haqqında 1972-ci il
UNESCO konvensiyalarına ziddir.
“SAİFF-in idarə heyəti Azərbaycanın mədəniyyətinə, musiqisinə, adət-ənənələrinə və insanlarına həmrəylik və beynəlxalq dəstək aktı olaraq “Qarabağa azadlıq” bəyanatını imzalayır, bu regionun daha yaxşı gələcəyi naminə dünya birliyinin digər üzvlərinə qoşulur”, - deyə bəyanatda bildirilir.