DÜNYA


Norveç Qaçqınlar Şurası: Təkcə 2016-cı ildə dünyada hərbi əməliyyatlarla əlaqədar 31 milyondan çox insan qaçqın vəziyyətinə düşüb

Stokholm, 22 may, AZƏRTAC 

2016-cı ildə dünyanın müxtəlif ölkələrində hərbi əməliyyatlarla əlaqədar 31 milyondan çox insan öz evlərini tərk etməyə məcbur olub.

Norveç KİV-ləri bu xəbəri Norveç Qaçqınlar Şurasının (NRC) yeni məruzəsinə istinadla yayıblar.

Şuranın məlumatına əsasən, qaçqınların sayına görə birinci yeri Konqo Demokratik Respublikası tutur: bu ölkədən 922 mindən çox insan qaçıb. Suriyanı tərk edənlərin sayı təqribən 824 min nəfər olub. Qaçqınların sayına görə üçüncü yeri İraq tutur. Mütəxəssislərin hesablamalarına görə keçən il bu ölkəni 659 min nəfər tərk edib. Ümumiyyətlə, hərbi münaqişələr ucbatından öz ölkəsindən çıxıb getmiş 6,9 milyon nəfərdən 2,6 milyonu Böyük Səhradan cənubda yerləşən Afrika ölkələrinin payına düşür.

Məruzədə göstərilir ki, qaçqınların sayına görə sonrakı yerləri Əfqanıstan, Nigeriya və Yəmən tutur.

Yeni hesabatda o da qeyd edilir ki, keçən il təbii fəlakətlərlə əlaqədar öz evlərini tərk etmiş insanların sayı hərbi münaqişələrlə əlaqədar yaranmış qaçqınların sayından 3 dəfə çox olub. Mütəxəssislər qeyd edirlər ki, keçən il təbii fəlakətlərə məruz qalmış 24 milyon nəfərin çox hissəsi öz evlərini tərk edib. Məruzə müəllifləri vurğulayırlar ki, təbii fəlakətlərlə əlaqədar öz evlərini itirmiş insanların sayının daha da artması ehtimalı yüksəkdir. Bu, iqlim dəyişmələrinin gələcəkdə də davam etməsi ehtimalı ilə bağlıdır.

Rauf Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Stokholm

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.