DÜNYA
Norveç balıq ixracının həcminə görə rekord müəyyən edib
Oslo, 4 iyul, AZƏRTAC
Norveçin balıqçılıq sənayesi 2015-ci ilin birinci yarısında ixracın həcminə görə rekord müəyyən edib.
Bu barədə informasiya Norveç Ticarət, Sənaye və Balıq Təsərrüfatı Nazirliyi nəzdində hökumət təşkilatı olan Balıq İxracı Məsələləri üzrə Komitənin məlumatında yer alıb.
Məlumata görə, 2015-ci ilin ilk 6 ayı ərzində ölkədə dəniz məhsullarının ixrac həcmi pul ekvivalentində 34 milyard Norveç kronu (4,3 milyard dollar) təşkil edib ki, bu da həmin statistikanın aparıldığı bütün müddət ərzində rekord göstəricidir və 2014-cü ilin eyni dövrü ilə müqayisədə 1,5 milyard kron (190 milyon dollar) çoxdur.
İxracın 21,9 milyard kron (2,8 milyard dollar) məbləğində üçdə iki hissəsi Atlantik okean qızılbalığının payına düşüb. Bu balığa tələbat 2014-cü ilin birinci yarısı ilə müqayisədə 3 faiz artıb. Qızılbalığın ən böyük alıcıları Polşa, Fransa və Böyük Britaniyadır.
Digər balıq növlərinin satışında rekord artım göstəricilərinə baxmayaraq, alabalıq ixracı 22 faiz azalıb və 929 milyon kron (121 milyon dollar) təşkil edib. Bu dəniz məhsulunun əsas alıcıları Belarus və Polşadır.
Qeyd edək ki, balıqçılıq sənayesi neft-qaz sənayesi ilə bərabər ölkə büdcəsinin formalaşdırılmasında əsas rol oynayır.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Oslo