DÜNYA


Norveç hökuməti qaçqın statusu istəyən 15 min adamı ölkədən çıxarmağı planlaşdırır

A+ A

Stokholm, 31 avqust, AZƏRTAC 

Norveç hökuməti 2015-ci ildə sığınacaq verilməsi barədə müraciət etmiş 15 minədək qaçqını krallıqdan çıxarmaq üçün tədbirlər həyata keçirəcək.

Bu məlumatı Norveç KİV-ləri krallığın Miqrasiya İşləri İdarəsinə istinadla yayıblar. İdarənin məlumatına görə, keçən il onlara sığınacaq verilməsi barədə 31 min ərizə daxil olub. Ölkəyə ümumilikdə 10500 suriyalı, 7 min Afrika vətəndaşı, eləcə də Eritreya, İraq, İran və digər ölkələrdən mühacirlər gəlib. Beləliklə, əhalisi 5 milyon olan Norveçə 2015-ci ildə gələnlərin sayı rekord həddə çatıb, çünki bundan əvvəl qaçqınların sayı il ərzində 10 mini keçməyib.

Miqrasiya İşləri İdarəsinin rəhbəri Frude Forfanq KİV-lərə müsahibəsində bildirib ki, ərizələrin sayına baxmayaraq, onların yalnız yarısı təmin ediləcək. Beləliklə, qaçqın statusu istəyən 12-15 minədək adam rədd cavabı alaraq ölkəni tərk etməyə məcbur olacaq.

Lakin Frude Forfanq qeyd edib ki, ölkənin hökumət orqanları qarşısında bu adamların vətənə məcburi və ya könüllü qayıtması məsələsi dayanır. İdarə rəhbəri deyib: “Təcrübəmizə əsasən bilirik ki, bu, çətin olacaq. Norveçdə yaşamaq hüququ olmayanları ölkədən çıxarmaq məsələsi çoxdan bizim qarşımızda duran prioritet vəzifələrdən biridir”.

Hazırda Norveçin Ədliyyə və Xarici İşlər nazirlikləri sığınacaq verilməmiş şəxslərin öz ölkələrinə qaytarılması şərtləri üzərində işləyirlər.

Qeyd edək ki, Norveçlə qonşu ölkə - keçən il 163 min adamın sığınacaq verilməsi barədə müraciət etdiyi İsveç hökuməti də müvafiq istiqamətdə işlər görür. İsveç hökuməti ümumilikdə 80 min adamı öz ölkəsinə qaytarmağı planlaşdırır.

Rauf Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Stokholm

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.