İQTİSADİYYAT


Norveç jurnalında Sumqayıt Texnologiyalar Parkı haqqında məqalə dərc olunub

A+ A

Bakı, 9 sentyabr, AZƏRTAC

Norveçdə nəşr olunan və Avropanın ən çox oxunan sənaye jurnalı "Manufacturing Today Europe"un bu ay üçün nəzərdə tutulmuş buraxılışında Sumqayıt Texnologiyalar Parkı (STP) haqqında məqalə dərc olunub.

Sumqayıt Texnologiyalar Parkından AZƏRTAC-a bildiriblər ki, baş redaktor Emma Krane tərəfindən qələmə alınan "Building the future" ("Gələcəyin inşaatı") başlıqlı yazıda STP barəsində oxuculara dolğun məlumat verilib.

Müəllif məqalənin giriş hissəsində qeyd edib ki, Sumqayıt Texnologiyalar Parkı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə 2009-cu ilə istismara verilib. Qısa bir zamanda ölkə iqtisadiyyatının qeyri-neft sektorunda özünəməxsus yer tutan bu müəssisə regionda texnoparkların yaradılmasında pioner olmaqla, müxtəlif istehsalat sahələri üzrə ixtisaslaşmış nəhəng zavodlar kompleksidir. Regionda nadir layihə olan Sumqayıt Texnologiyalar Parkı Azərbaycanın həm daxili, həm də xarici bazarının tələbatını tam ödəmək qabiliyyətinə malikdir.

Məqalədə Sumqayıt Texnologiyalar Parkının zavodları, müəssisənin həyata keçirdiyi layihələr barəsində dolğun məlumat verilib, onların istehsal gücü, məhsulları və bir çox tanınmış şirkətlərlə qarşılıqlı əməkdaşlıq əlaqələrin olduğu qeyd olunub. Həmçinin istehsal olunan məhsulların beynəlxalq standartlara tam cavab verdiyini, zavodların Avropa istehsalı olan laboratoriyalarla təmin olunduğu nəzərə çatdırılıb. Müəllif yazısında STP-də ISO 9001 və OHSAS 18001 beynəlxalq standartlarının da tətbiq olunduğunu qələmə alıb.

Məqalədə diqqətə çatdırılır ki, texnoparkda fəaliyyət göstərən bütün zavodlar Avropa və Yaponiya istehsalı olan ən yeni avadanlıqlarla təchiz olunub. İstehsal prosesində istifadə olunan xammal və materiallar yüksək keyfiyyətlidir. Şübhəsiz ki, Sumqayıt Texnologiyalar Parkı bu gedişlə regionda böyük layihələrdə daim mərkəzi rol oynayacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.