DÜNYA
Norveç öz neft fondundan büdcəyə rekord məbləğdə vəsait köçürməyi planlaşdırır
Oslo, 8 oktyabr, AZƏRTAC
Norveç hökuməti Norveç Dövlət Pensiya Fondundan (NDPF) büdcəyə rekord məbləğdə vəsait - 194 milyard kron (23,6 milyard dollar) köçürmək niyyətindədir.
Krallığın parlamentinə təqdim olunan 2016-ci il üçün büdcə layihəsinin yekun variantında belə deyilir.
Norveç Dövlət Pensiya (neft) Fondu artıq 20 ildir ki, enerji resurslarının ixracından əldə olunan gəlirlərin qalığını toplayır. Nəticədə bu maliyyə təsisatı 850 milyard dollar kapitalı olan ən iri suveren rifah fonduna çevrilib.
Norveç hökuməti hər il fondun aktivlərinin yekun həcminin dörd faizindən çox olmayan qismini büdcəyə göndərir. Amma Krallığın Maliyyə Nazirliyi bu dəfə NDPF-nin vəsaitinin 2,8 faizə qədərini cəlb etməyə ümid bəsləyir. Lakin belə bir risk var ki, bu məbləğ ilk dəfə hökumətin ötən il fonda göndərdiyi məbləğdən çox ola bilər. Məsələn, Norveç Maliyyə Nazirliyindən bildiriblər ki, 2015-ci ildə fonda 204 milyard kron (24,8 milyard dollar) vəsait keçirəcək. Amma neftin qiyməti ucuzlaşsa, bu məbləğ nəzərəçarpacaq dərəcədə az ola bilər.
Büdcəyə əlavə vəsaitin ayırması hökumətə bir sıra tədbirlərin həyata keçirilməsi üçün lazımdır. Bu tədbirlər neftin qiymətlərinin düşməsi nəticəsində ziyana uğramış ölkə iqtisadiyyatını stimullaşdırmalıdır.
Təqribən 4 milyard kron (487 milyon dollar) son ildə xüsusən neft-qaz sektorunda xeyli artan işsizliyə qarşı mübarizəyə yönəldiləcək. Nəqliyyat, infrastruktur, təbiətin mühafizəsi və müdafiə sahələrinə sərmayə yatırımı xeyli artmalıdır.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Oslo