ELM VƏ TƏHSİL
Norveç şirkəti kapitansız gəmi istehsalına başlayır VİDEO
Bakı, 12 avqust, AZƏRTAC
Norveçin gübrə istehsalçısı olan “Yara” və naviqasiya sistemləri üzrə ixtisaslaşmış “Kongsberg Gruppe” şirkətlərinin birgə layihəsi çərçivəsində kapitansız gəmi istehsalına başlayıb.
AZƏRTAC Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, “Yara Birkeland” adlanacaq bu gəmi 2018-ci ildə bazara çıxarılacaq, 2020-ci ilədək isə dənizdə tamamilə sərbəst, kapitansız hərəkət edəcək. “Yara Birkeland” eyni ölçüdə standart bir konteyner gəmisinin maya dəyərindən təxminən üç dəfə baha başa gələcək. Ancaq investorlar bildiriblər ki, gəminin hərəkəti üçün lazım olan yanacaq və ekipaj xərclərinə ildə 90 faiz qənaət ediləcək.
“Yara” şirkətinin nümayəndəsi Petter Ostbonun sözlərinə görə, əvvəlcə ekipajlı gəmi kimi çalışacaq “Yara Birkeland” 100 konteynerdən ibarətdir. İlk səfərini 37 dəniz mili uzaqlıqdakı Larvik şəhərinə edəcək gəminin yükü gübrə olacaq. Gələcəkdə kapitansız daha böyük gəmilərin hazırlanması nəzərdə tutulub. Həmin gəmilər isə daha uzun marşrut üzrə hərəkət edəcək.