ELM VƏ TƏHSİL
“Norveç və Azərbaycan əməkdaşlığı - Heydər Əliyev” mövzusunda yazı müsabiqəsinin qalibləri mükafatlandırılıblar
Bakı, 26 noyabr, AZƏRTAC
Noyabrın 26-da Azərbaycan Dillər Universitetində (ADU) bu ali təhsil müəssisəsinin Skandinaviya Mərkəzinin təşkilatçılığı ilə Ümummilli Lideri anma gününə həsr olunan “Norveç və Azərbaycan əməkdaşlığı - Heydər Əliyev” mövzusunda Norveç dili akademik yazı müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
ADU-nun ictimaiyyətlə əlaqələr departamentindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə çıxış edən regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin dekanı Anar Nağıyev Skandinaviyaşünaslıq ixtisasında təhsil alan tələbələrin daim fərqləndiklərini qeyd edib. O, Azərbaycan və Norveç Krallığı arasında ikitərəfli əlaqələrin inkişafında ümummilli lider Heydər Əliyevin xidmətlərindən danışıb.
Skandinaviya Mərkəzinin əməkdaşı Anar Rəhimov bu tədbirin ümummilli lider Heydər Əliyevi anma gününə həsr olunmuş silsilə tədbirlərdən biri olduğunu bildirib. O, müsabiqənin məqsədinin tələbələrin Norveç dilində akademik yazı vərdişlərini ortaya çıxarmaq olduğunu söyləyib. Anar Rəhimov inşalarda məqaləyə xas xüsusiyyətlərin, ümummilli lider Heydər Əliyevin Azərbaycan və Norveç Krallığı arasında ikitərəfli əlaqələrin inkişafı istiqamətində gördüyü işlərin öz əksini tapdığını bildirib.
ADU-nun tərbiyə işləri üzrə prorektoru, professor Ələddin Əliyev bugünkü tədbirin özünəməxsus bir hadisə olduğunu vurğulayıb. Prorektor müsabiqədə iştirak edən və qalib gələn tələbələri təbrik edərək onlara daha böyük uğurlar arzulayıb.
Sonda müsabiqənin qaliblərinə - Fəxri Musazadəyə (birinci yer) və Mədinə İbrahimovaya (ikinci yer) diplom, fəxri fərman və pul mükafatları təqdim olunub.
Qeyd edək ki, müsabiqə oktyabrın 1-dən noyabrın 15-dək olan dövrü əhatə edib. Müsabiqəyə təqdim edilən 11 inşa Skandinaviya Mərkəzinin əməkdaşları Aytən Məmmədova və Anar Rəhimov tərəfindən yoxlanılaraq qaliblər müəyyən olunub.