DÜNYA
Norveçdə sərhəd nəzarəti rejimi tətbiq edilib
Oslo, 27 noyabr, AZƏRTAC
Norveçdə ciddi sərhəd nəzarəti rejimi tətbiq edilib.
Yerli KİV-lərin verdiyi məlumata görə, indi Danimarka, İsveç və AFR-dən Norveçə gələn bərələrə minən bütün sərnişinlərin bu ölkəyə gəlməsinə icazə verən sənədlər məcburi qaydada yoxlanılır. Xatırladaq ki, Norveç krallığı kimi, bu ölkələr də Şengen zonasına daxildir.
Norveç-İsveç quru sərhədindən ən mühüm keçid məntəqələrində avtomobillər, avtobuslar və qatarlar da seçmə üsulla yoxlanılacaq.
Norveç hökumətinin çərşənbə axşamı elan etdiyi tədbirlər 10 gün, yəni dekabrın 6-dək qüvvədə olacaq, lakin bu müddət artırıla bilər. Norveçin hakimiyyət orqanlarının bu qərarı Skandinaviya ölkələrinə qaçqın axınının artması ilə əlaqədardır.
Norveç polisində verilən məlumata görə, Şengen sazişinin üzvü olan dövlətlərdən bu ölkəyə gələnlərin üstündə şəxsiyyət vəsiqəsi olmadıqda onlara rədd cavabı verilə bilər, lakin Norveç hökuməti sərhəddə sığınacaq verilməsi barədə xahişləri əvvəlki qaydada nəzərdən keçirməyə borcludur.
Qeyd edək ki, bundan əvvəl İsveçdə sərhəd nəzarət rejimi tətbiq edilib. Bu ölkə qaçqın axınının öhdəsindən gələ bilmədiyi üçün Krallığın hökuməti sığınacaq istəyənlər axınını qonşu dövlətlərə yönəltməklə immiqrasiya qanunvericiliyini müvəqqəti sərtləşdirməyi qərara alıb.
Rauf Əliyev
AZƏRTAC—ın xüsusi müxbiri
Oslo