DÜNYA
Norveçdə tətillər nəticəsində ölkədə ictimai nəqliyyatın hərəkətində çətinliklər yaranıb
Oslo, 29 yanvar, AZƏRTAC
Norveçdə üç ən iri həmkarlar ittifaqının üzvlərinin iştirakı ilə iri tətil keçirilib. Tətil nəticəsində ölkədə ictimai nəqliyyatın hərəkətində çətinliklər yaranıb.
Tətildə dövlət dəmir yolları şəbəkəsinə aid qatarların və paytaxt metropoliteninin konduktorları, avtobus və tramvay sürücüləri iştirak ediblər. Ölkənin əksər aeroportlarında təyyarələrin uçuşları tətil müddətinə dayandırılıb.
Tətil Norveçdə sosial sahələrə də təsir göstərib. Məsələn, dövlət müəssisələrinin çoxu, habelə uşaq bağçaları adi vaxtla müqayisədə iki saat tez bağlanıblar. Norveçin lüteran kilsələrinin bütün keşişləri də tətilə qoşulublar.
Osloda, ölkə parlamentinin qarşısında və Norveç Həmkarlar İttifaqları Assosiasiyasının qərargah binası yanındakı meydanda minlərlə insanın iştirak etdiyi bir neçə nümayiş olub.
Nümayişçilərin narazılığına səbəb hakimiyyət orqanlarının Norveç əmək qanunvericiliyinə düzəlişlər etmək niyyəti olub. Məsələn, muzdlu işçiləri müvəqqəti əsasla işə götürmək işəgötürənlərə üçün daha geniş səlahiyyətlər verilməsi təklif olunur.
Hazırda Norveçdə müvəqqəti kontraktlar üzrə çalışanların sayı işləyən əhalinin cəmi 10 faizinə bərabərdir və işəgötürənlərin gələcək əməkdaşa bu cür iş şəraiti təklif etməsi üçün sanballı səbəblər lazımdır.
Lakin Norveç hökuməti bu sahədə mövcud sistemin dəyişdirilməsini təklif edir ki, bütün işəgötürənlər əməkdaşları birillik kontrakt əsasında işə götürmək hüququ əldə etsinlər. Bu müddət keçəndən sonra işəgötürən həmin əməkdaşı ya daimi əsasda ştata qəbul etməli, ya da onunla vidalaşmalıdır. Bu halda işəgötürən boşalmış vəzifəyə yeni işçi qəbul etmək imkanını müvəqqəti itirir.
Ölkə hökuməti bəyan edir ki, yeni şərtlər işçilərin mənafelərinə toxunmur, eyni zamanda işəgötürənlər daha fəal əmək bazarı və manevr etmək üçün daha geniş imkanlar qazanacaqlar. Həmkarlar ittifaqlarının üzvləri isə, öz növbəsində, hesab edirlər ki, bu, işəgötürənlər tərəfindən sui-istifadə hallarına gətirib çıxaracaq və əməkçilərin hüquqlarının tapdalanmasına səbəb olacaq.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Oslo