İQTİSADİYYAT
“Notizie Geopolitiche” portalı Azərbaycan-İtaliya iqtisadi əməkdaşlığının inkişafından bəhs edən məqalə yayıb
Roma, 4 aprel, AZƏRTAC
İtaliyanın “Notizie Geopolitiche” analitik portalında tədqiqatçılar Corciya Piların və Domeniko Letisianın birgə müəllifi olduqları “İtaliya və Azərbaycan hər zaman daha yaxın” adlı məqalə dərc olunub.
Azərbaycan və İtaliya arasında diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümünə həsr olunan məqalədə Azərbaycanın müstəqilliyinin bərpasından sonra iki ölkə arasında münasibətlərin inkişafı tarixindən, hazırda müxtəlif sahələrdə əlaqələrin vəziyyətindən, xüsusən iqtisadi sahədə mövcud əməkdaşlıqdan bəhs olunur.
Məqalədə bildirilir ki, İtaliya Azərbaycanın müstəqilliyini tanıyandan keçən dövr ərzində iki ölkə arasında möhkəm dostluq və əməkdaşlıq əlaqələri qurulub, çoxsaylı yüksək səviyyəli səfərlər həyata keçirilib. Müxtəlif sahələrdə əməkdaşlığın əsasını təşkil edən sənədlər imzalanıb, iqtisadi əlaqələr sürətlə inkişaf edib, ticarət dövriyyəsi sürətlə artıb. Müəllif hazırda Azərbaycanın xarici ticarət balansında İtaliyanın payının 17.57 faiz olduğunu və Azərbaycanın İtaliyanın ən böyük xam neft təchizatçılarından biri olduğunu diqqətə çatdırır.
Yazıda, həmçinin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında böyük rol oynayacaq Trans-Adriatik (TAP) boru kəmərinin İtaliya üçün əhəmiyyətindən söz açılır. Qeyd olunur ki, 2020-ci ildən başlayaraq bu boru kəməri vasitəsilə Azərbaycanın “Şahdəniz” yatağından İtaliyaya ildə 8 milyard kubmetrdən çox qazın nəql olunması nəzərdə tutulur ki, bu da enerji mənbələrinin şaxələndirilməsi, istər İtaliya, istərsə də ümumilikdə Avropanın enerji təhlükəsizliyi üçün önəmlidir. Həmçinin italyan şirkətlərinin Azərbaycanda uğurlu fəaliyyəti, onların neft-kimya zavodlarının tikintisi və yenidən qurulması, infrastruktur layihələrində iştirakından geniş bəhs olunur.
Müəllif qeyd edir ki, Azərbaycan iqtisadiyyatının diversifikasiyası italyan şirkətlərinin Azərbaycanda neft və qaz sahəsi ilə yanaşı, digər sektorlara, o cümlədən kənd təsərrüfatı, ərzaq məhsullarının emalı, nəqliyyat, turizm, inşaat, yüksək texnologiyalar sahələrinə də sərmayə qoymasına şərait yaradır.
Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma