SİYASƏT
“Notizie Geopolitiche” portalı Azərbaycanın inkişafından bəhs edib
Roma, 25 noyabr, AZƏRTAC
İtaliyanın “Notizie Geopolitiche” xəbər portalı Azərbaycanın dinamik inkişafından bəhs edən məqalə yayıb. Məqalədə bildirilir ki, son illər Azərbaycanın qazandığı uğurlar və həyata keçirilən irimiqyaslı layihələr bütün dünyanın diqqət mərkəzindədir.
Azərbaycan-İtaliya münasibətlərinə toxunulan yazıda qeyd edilir ki, 1992-ci ildən etibarən ölkələrimiz arasında iqtisadi əlaqələr sürətlə inkişaf etməkdədir. İtaliya Azərbaycanla diplomatik əlaqələr quran ilk Avropa dövlətlərindən biridir. Azərbaycan üçün ən önəmli ticarət tərəfdaşlarından olan İtaliya ilə siyasi sahədə də əlaqələr yüksək səviyyədədir.
Müəllif vurğulayır ki, Azərbaycanda xarici investorlar üçün əlverişli mühit yaradılıb. Müxtəlif ölkələrin şirkətlərinin Azərbaycanda fəaliyyət göstərməsi üçün çox yaxşı imkanlar var. İtaliya şirkətləri Azərbaycanda yüngül sənaye, mühəndislik, kənd təsərrüfatı, tikinti, turizm və başqa sahələrdə fəaliyyət göstərməyə çox maraq göstərirlər. Bunlarla yanaşı, Azərbaycan Avropa İttifaqı ölkələri, o cümlədən İtaliya üçün strateji baxımdan da önəmli bir ölkədir.
Oxucuların diqqətinə çatdırılır ki, geosiyasi aləmdə cərəyan edən proseslər enerji təhlükəsizliyini təmin etmək üçün Avropanın yeni tərəfdaşlara ehtiyac duyduğunu göstərir. Bu baxımdan Azərbaycan qlobal enerji bazarında öz aparıcı rolunu yenidən möhkəmləndirməyə başlayıb. Artıq Avropa İttifaqı Azərbaycanın strateji tərəfdaş kimi önəmli aktor olduğunu yaxşı anlayır.
TAP layihəsi ilə bağlı da məsələlərə toxunulan məqalədə Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqovun bu sözlərinə yer verilib: “Hazırda Avropa İttifaqı ölkələri üçün TAP yeganə real layihədir”. Müəllif yazısını bu fikirlərlə tamamlayır: “Avropa İttifaqı Azərbaycanın Dağlıq Qarabağ ərazisini işğal edən Ermənistana qarşı heç vaxt sanksiyalar tətbiq etməyib”.
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma