CƏMİYYƏT
“Novaya qazeta”da bakılı həkimin yazısı dərc olunub
Moskva, 27 aprel, AZƏRTAC
Rusiyanın “Novaya qazeta” nəşrində hərbi həkim Solomon Qusmanın “Bakinski raboçi” qəzetinin 1 noyabr 1941-ci il tarixli nömrəsində çıxan yazısı dərc olunub. S.Qusman “Moskva bu günlərdə” sərlövhəli yazıda müharibə illərində Moskva həyatından söz açaraq yazır: “Moskva döyüşür! Düşmən paytaxtımızı təhdid edir. Lakin faşist barbarları nə qədər atılıb-düşsələr də, hansı hücumlara əl atsalar da, moskvalıları qorxuda bilmirlər. Moskva mübarizəni davam etdirir. Neft Bakısı, həyat eşqi ilə çırpınan Tbilisi, qəhrəman Leninqrad, günəşli Aşqabad, gənc Komsomolsk, şimalda yerləşən Murmansk - böyüklü-kiçikli bütün şəhərlər Moskvanın səsini dinləyir, mənfur faşizm üzərində qələbəni hazırlamağı bizdən öyrənirlər”.
“Novaya qazeta”nın şərhçisi Zoya Yeroşok məqaləyə yazdığı sözardıda qeyd edir ki, tibb elmləri namizədi, Bakıdakı Xəzər gəmiçiliyi xəstəxanasının baş həkmi Solomon Qusman müharibə başlayandan düz bir həftə sonra cəbhəyə yola düşüb. Moskvanın üç yüz kilometrliyində yerləşən hərbi hospitalın rəisi olub.
1941-ci ilin oktyabrında S.Qusman dərman gətirmək üçün Moskvaya yola düşür. Sonra sanki ürəyinin hökmü ilə TASS-a – dostuna baş çəkir və ona belə bir təklif edir: “Gəl mən sənə indiki Moskva ilə bağlı təəssüratlarımdan yazım!”. Və yazır. Hərbi həkim Solomon Qusman müharibənin birinci ilinin oktyabr ayının sonunda Moskvanı necə gördüyündən yazır. Sadə, pafossuz, lakin sanballı, qabarıq, gözəl üslubda, həyata və məişətə bağlılıq hissi ilə yazır, “Stalin” soyadını isə bir kərə də işlətmir.
Solomon Qusman TASS-dakı dostundan bu yazını Azərbaycana göndərməyi xahiş edir. Yazı o dövrdə Azərbaycanda əsas qəzet sayılan “Bakinski raboçi”nin 1941-ci il 1 noyabr tarixli nömrəsində dərc olunur. Gənc xanımı Lola da, valideynləri də bu yazını oxuyur. Axı, 4 ay idi ki, Solomondan xəbər-ətər yox idi.
Doktor Qusmanı yaxşı tanıyan, ona reproduktordan (o vaxt Bakıda belə deyirdilər) daha çox inanan şəhər sakinləri də oxuyurlar. Doktorun nüfuzu qüsursuz idi. Əgər o deyibsə ki, Moskva möhkəm dayanıb, deməli, bu, həqiqətdir.
Daha sonra materialda deyilir: ”Hərbi həkim S.Qusmanın bu kiçik yazısı böyük cəsarət idi. Sırf müəllifin iradəsindən asılı olan bir cəsarət idi. Elə bir şəxsi iradənin ki, Stalin dövründə onu nümayiş etdirməyə heç bir halda heç bir kəsə imkan vermirdilər. Solomon Qusman isə bunu etdi.
Hərbi həkim Qusman 1980-ci ildə vəfat edib. Bu il mayın 9-da onun 111 yaşı tamam olmalı idi. O, bu sözləri təkrar etməyi sevirmiş: “Jukov sağ olsun ki, müharibəni mənim ad günümdə başa çatdırıb”.
...Bizə “Moskva bu günlərdə” yazısını TASS-ın baş direktorunun birinci müavini, Solomon Moiseyeviç Qusmanın oğlu Mixail Solomonoviç Qusman göndərib.
Əlbəttə, 1941-ci ilin oktyabrında TASS-da dostuna baş çəkən Solomon Qusmanın ağlına da gəlməzdi ki, onilliklər sonra onun kiçik oğlu burada işləyəcək. Yeri gəlmişkən, o vaxtlar nə böyük oğlu Yulik, nə də kiçik oğlu Mixail hələ dünyaya gəlməmişdi.
Şükürlər olsun ki, Solomon Qusman müharibədən sağ-salamat döndü.
Çünki ölkə Şən və Hazırcavablar Klubunun bir hissəsindən (Yuri Solomonoviç Qusman onun sütünlarından biri idi) və istedadlı jurnalist Mixail Solomonoviç Qusmandan məhrum ola bilərdı”.
Fəridə Abdulılayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva