DÜNYA


Növbə Trampındır: ABŞ Senatı Rusiya, KXDR və İrana qarşı qanunu dəstəkləyib

Bakı, 28 iyul, AZƏRTAC

Amerika Senatı Rusiya, KXDR və İrana qarşı sanksiyalar barədə qanun layihəsini təsdiqləyib. Sənədi 98 senator dəstəkləyib, yalnız iki nəfər əleyhinə çıxıb.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, yaxın vaxtlarda qanun layihəsi imzalanması üçün Prezident Donald Trampa təqdim olunacaq. Amerika qanunvericiliyinə əsasən dövlət başçısının sənədə veto qoymaq hüququ var, lakin konqres, çox güman ki, bundan səs çoxluğu sayəsində yan keçə biləcək.

Ağ ev artıq prezidentin səlahiyyətlərini ciddi şəkildə məhdudlaşdıran sənədi, ümumilikdə, dəstəkləyəcəyi işarəsini verib. Qanun layihəsi əsasən də dövlət başçısını sanksiyaların hər hansı ləğvi və ya yumşaldılması məsələsini əvvəlcədən qanunvericilərlə razılaşdırmağı nəzərdə tutur.

ABŞ-ın yeni sanksiyaları nəyi nəzərdə tutur

Yeni qanun layihəsi bir neçə məhdudiyyəti ehtiva edir. Belə ki, senatorlar sanksiyalar altında olan bankların bazar maliyyələşməsinin maksimal müddətini 14 günədək, neft-qaz sektoru kompaniyalarının maliyyələşməsinin maksimal müddətini isə 30 günə qədər azaltmağı təklif edir.

Bundan başqa, qanun layihəsinə əsasən, ABŞ Prezidenti Rusiyanın ixrac kəmərlərinin tikintisinə ildə 5 milyon dollardan çox və ya eyni vaxtda 1 milyon dollar investisiya qoymağa hazırlaşan, həmçinin xidmət təklif edən və informasiya dəstəyi verən kompaniyalara qarşı tədbirlər görə bilər.

Birləşmiş Ştatların “Şimal axını–2” qaz kəmərinin tikintisinə qarşı yönəlmiş cəhdləri ayrıca bənddə qeyd olunub ki, bu da Avropada etirazla qarşılanıb.

Bu ərəfədə ABŞ-ın yeni sanksiyalarına şərh verən Rusiya lideri Vladimir Putin buna cavabın qanun layihəsinin yekin variantından asılı olacağını deyib. O, ABŞ-da müzakirə olunan qanun layihəsinin rəqabət mübarizəsində geosiyasi üstünlükdən istifadə etmək və müttəfiqləri sayəsində mənfəət qazanmaq cəhdləri adlandırıb.

Avropa İttifaqı ABŞ-a cavab hazırlayır

Avropa İttifaqı da ABŞ-ın fəaliyyətindən narazıdır. Bir qədər əvvəl “Financial Times” qəzeti Brüsselin Vaşinqtona cavab hazırladığı barədə məlumat yayıb.

Nəşrin məlumatına əsasən, Avropa Komissiyasının başçısı Jan-Klod Yunker Avropanın energetika və digər kompaniyalarının ABŞ konqresində müzakirə olunan sanksiyaların təsirinə məruz qalacağı təqdirdə Brüsselin mümkün fəaliyyətini nəzərdən keçirməyə çağırıb.

Mənbənin məlumatına əsasən, Aİ bu məqsədlə Amerika kompaniyalarının Avropa banklarının kreditlərinə çıxışını məhdudlaşdıra bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.