İDMAN
Növbəti Avropa Oyunlarının birincidən aşağı səviyyədə keçirilməməsi üçün çox ciddi səy göstərmək lazım gələcək
İstanbul, 3 iyul, AZƏRTAC
“Bakı-2015”də müəyyənləşdirilmiş yüksək standartlar növbəti Avropa Oyunlarının təşkilində ev sahibi üçün çətinliklər yaradacaq. Avropa Olimpiya Komitəsinin rəhbərliyi açıq şəkildə etiraf edir ki, növbəti Avropa Oyunlarının birincidən aşağı səviyyədə keçirilməməsi üçün çox ciddi səy göstərmək lazım gələcək.
Bu sözləri Türkiyənin Sport-Combat Sambo Federasiyasının (TCSF) yaradıcısı və fəxri prezidenti Qadir Məmmədov AZƏRTAC-a müsahibəsində bildirib. O deyib ki, ilk Avropa Oyunları Azərbaycan dövlətinin qüdrətini, Azərbaycan xalqının yüksək mədəniyyətini və intellektini, xalqla hakimiyyət arasındakı möhkəm birliyi nümayiş etdirdi. “Uzun müddətdir Türkiyədə fəaliyyət göstərən azərbaycanlı idmançı kimi ilk Avropa Oyunlarının Bakıda böyük peşəkarlıqla keçirilməsindən qürur duyuram. Əlbəttə, bu mötəbər idman yarışının yüksək səviyyədə keçirilməsi Prezident İlham Əliyevin və “Bakı-2015” ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın yorulmaz səylərinin nəticəsidir”, - deyə o vurğulayıb.
İlk Avropa Oyunları təcrübəsinin TCSF-ə faydası barədə sualı cavablandıran idmançı deyib: “Sambo Türkiyədə çox da inkişaf etməyən bir idman növüdür. Bizim federasiya bu vaxta qədər yalnız Avropa və dünya çempionatlarında iştirak edə bilib. Azərbaycanda keçirilən ilk Avropa Oyunlarında Türkiyəni təmsil etməyimiz bir tərəfdən federasiyamıza göstərilən etimaddırsa, digər tərəfdən qarşımıza qoyulan məsuliyyətdir. Hesab edirəm ki, “Bakı-2015”də əldə etdiyimiz böyük təcrübə uzun illər TCSF-in inkişafı üçün töhfələr verəcək”.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul