ELM VƏ TƏHSİL
Növbəti “Ekoloji aylıq”: Tullantılara ikinci həyat verilir
Bakı, 9 iyun, AZƏRTAC
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəblərində “Ekoloji aylıqlar” layihəsi çərçivəsində iyun ayı “Tullantıdan incəsənətə” mövzusuna həsr olunub.
BŞTİ-dən AZƏRTAC-a bildiriblər ki, verilmiş mövzunun reallaşdırılması baxımından təhsil müəssisələrinə sərbəstlik verilib. Mövzunun seçilməsində əsas məqsəd ətraf mühitin çirkləndirilməsinin qarşısını almaq, tullantılara ikinci həyat vermək və şagirdlərin asudə vaxtlarının səmərəli istifadəsini təşkil etməkdən ibarətdir.
Bakının 12 rayonu üzrə pedaqoji kollektiv və məktəblilər tərəfindən “Tullantıdan incəsənətə” mövzusu üzrə müsabiqə, yarış, “açıq dərs”, sərgi və ekskursiyalar keçirilir, müxtəlif araşdırmalar aparılır. Şagirdlər müxtəlif lazımsız plastik butulkalardan, yumurta qabıqlarından, atılmış qaşıq və çəngəllərdən, parça kəsiklərindən, düymələrdən və digər tullantı məhsullarından istifadə edərək zövq oxşayan əsərlər yaradırlar. Bundan başqa, aylıq çərçivəsində məktəblərin həyətyanı sahələri təmizlənir, ağacların dibi bellənir, gül-çiçək əkilir, abadlıq işləri görülür.
İyunun sonunda mövzuya uyğun olaraq “Ayın ən təmiz məktəbi” nominasiyası üzrə qalib məktəb seçiləcək.