REGİONLAR


Növbəti “Kütləvi çıxarış” kampaniyaları Gəncə və Göygöldə keçirilib

A+ A

Bakı, 4 noyabr, AZƏRTAC

Azərbaycanda daşınmaz əmlakını sənədləşdirmək istəyən vətəndaşlara dövlətin hərtərəfli dəstəyi davam edir. Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) Bakı şəhərində və bölgələrdə daşınmaz əmlakın qeydiyyatı ilə bağlı əmlak sahibləri üçün müxtəlif kampaniya və aksiyalar keçirir. Komitənin ən geniş yayılan və faydalı aksiyalarından biri “Kütləvi çıxarış” kampaniyasıdır.

ƏMDK-dan AZƏRTAC-a bildirilib ki, vətəndaş məmnunluğunu artıran kampaniyada əhali üçün daha bir yenilik edilib. Belə ki, artıq kampaniyanın bir gündə bir neçə şəhər və ya rayonda keçirilməsinə başlanıb. Budəfəki kampaniya noyabrın 4-də paralel olaraq həm Gəncə şəhərində, həm də Göygöl rayonunda keçirilib. Bir gündə, ümumilikdə 220-yə yaxın vətəndaşa daşınmaz əmlakın qeydiyyatı ilə bağlı xidmətlər göstərilib.

Qeyd edək ki, kampaniyada əsas məqsəd vətəndaşın xidmətə deyil, xidməti vətəndaşın bilavasitə ünvanına çatdırmaqdır. Komitənin bu addımı vətəndaşlar və əmlakını qeydiyyata aldırmaq istəyən şəxslər arasında böyük razılıqla qarşılanıb.

Belə çıxarışlar həyət evləri, torpaq sahələri, mənzillər, pay torpaqları və həyətyanı sahələrə dair verilir. Eyni zamanda, əmlaklara dair ilkin mülkiyyət sənədləri qəbul edilir. Kampaniyaların gedişində vətəndaşlara hüquqi yardımlar göstərilir. Qeydiyyatla bağlı tələb olunan sənədlərin hansı qurumlardan alınması ilə bağlı istiqamət verilir. Bütün bu sosial addımlarda məqsəd xidmətlərdə əlçatanlığı təmin etmək və vətəndaş məmnunluğunun artırılmasına nail olmaqdır.

Gəncədə baş tutan kampaniya çərçivəsində daha çox fərdi evlər, onların torpaq sahələri və mənzillər sənədləşdirilib, 50-yə yaxın sakinə hazır çıxarış paylanılıb, 30-a yaxın vətəndaşdan əvvəlki illərdə verilmiş aktlar, şəhadətnamələr, qeydiyyat vəsiqələri və digər mülkiyyət sənədləri qəbul edilib.

Həmin gün Göygöldə keçirilən kampaniya zamanı isə rayonun 30-a yaxın sakini öz həyətyanı torpaq sahəsi, pay torpağı, vaxtilə kolxoz və ya sovxozlar tərəfindən ayrılmış torpağa və öz torpağında tikdiyi həyət evinə dair çıxarış əldə edib. İyirmiyə yaxın vətəndaş növbəti mərhələdə çıxarışla əvəz olunması üçün ilkin mülkiyyət sənədlərini də komitənin nümayəndələrinə təqdim edib.

Paralel olaraq kampaniya çərçivəsində Gəncə və Göygölün çoxsaylı sakininə və əmlakının qeydiyyatı ilə maraqlananlara mobil hüquqi yardımlar göstərilib. Gəncədə 40-a yaxın, Göygöldə isə 30-a yaxın vətəndaş bu xidmətdən faydalanıb. Bu zaman əmlak sahiblərinə əmlaklarının qeydiyyatının vacibliyi, qeydiyyata alınan əmlakın üstünlükləri izah edilib, əmlakın qeydiyyatı üçün prosedurlar, tələb olunan sənədlər barədə məlumat verilib. Mobil hüquqi yardım çərçivəsində qeydiyyat üçün tələb olunan sənədlərin necə və hansı orqanlardan toplanması, ortaya çıxan çətinliklərin həlli ilə bağlı geniş bilgilər verilib.

Kampaniya çərçivəsində komitənin mobil ofisləri vasitəsilə bir sıra vətəndaşa texniki pasportların hazırlanması ilə bağlı çöl-ölçmə və digər texniki xidmətlər də göstərilib.

Qeyd edək ki, kampaniyadan əlavə, mobil ofis xidmətləri çərçivəsində vətəndaşlara ünvanlarda gündəlik qeydiyyat xidmətləri də göstərilir.

Kampaniya qısa müddətdə əksər daşınmaz əmlak sahiblərinin marağına səbəb olub, onun respublika üzrə əhatə dairəsi sürətlə genişlənir. Regionlarda kampaniyadan faydalanan vətəndaşların sayı artmaqdadır. Belə ki, kampaniya daşınmaz əmlakla bağlı alqı-satqı proseslərini intensivləşdirib. Torpaq sahiblərinin, fermerlərin, kənd təsərrüfatı ilə məşğul olan şəxslərin daşınmaz əmlakdan daha səmərəli istifadə etməsini təmin edib. İpoteka, girov və daşınmaz əmlakla bağlı digər iqtisadi əməliyyatları daha da stimullaşdırıb.

Xatırladaq ki, hazırda torpaq və evlərin sənədləşdirilməsi “bir pəncərə” prinsipi əsasında həll olunur. Vətəndaş bütün qeydiyyat prosedurunu yalnız bir qurumda – Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində həyata keçirir, əlavə qurumlara müraciətlərə ehtiyac qalmır. Bu tədbirlər isə məmur-vətəndaş ünsiyyətini azaltmaqla son nəticədə xidmətlərdə şəffaflığın, operativliyin və məmnunluğun artmasını təmin edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.