İQTİSADİYYAT
Növbəti açıq hərracda 16 dövlət əmlakı özəlləşdirilib
Bakı, 21 fevral, AZƏRTAC
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən fevralın 21-də dövlət əmlaklarının özəlləşdirilməsi ilə bağlı növbəti hərrac keçirilib. Budəfəki hərracda, ümumilikdə, 16 dövlət əmlakı olmaqla, 2 səhmdar cəmiyyət 1 nəqliyyat vasitəsi və 13 kiçik dövlət müəssisə və obyekti özəlləşdirilib.
Açıq və şəffaf şəraitdə təşkil olunan hərracın gedişatı zaldakı böyük monitorlar vasitəsilə əyani izlənilib. İştirakçılar, həmçinin regionlarda keçirilən hərracları da monitorda izləyiblər.
Komitədən AZƏRTAC-a bildirilib ki, hərracda özəlləşdirilmiş 13 kiçik dövlət müəssisə və obyektindən 8-i paytaxtda, 1-i Sumqayıtda, 1-i Mingəçevirdə, 1-i Lənkəranda, 1-i Biləsuvarda, 1-i isə Gəncədə yerləşir. Bu əmlakların 1-i ticarət obyekti olub, 1-i xidmət və ictimai iaşə, qalanları isə sənaye sahəsinə aid olub.
Hərracda ən yüksək qiymət paytaxtın Sabunçu rayonunda yerləşən obyektə və Lənkəran rayonunda qeyri-yaşayış sahəsinə təklif olunub. Bunlar Sabunçu rayonundakı 101 kvadratmetr sahəsi olan 93 saylı mağaza və Lənkəran rayonunda yerləşən 433,1 kvadratmetr sahəsi olan qeyri-yaşayış sahəsidir. Sabunçu rayonunda yerləşən daşınmaz əmlaka 60 min manat təklif olunub və özəlləşdirilib. Lənkəran rayonundakı sahə isə 50 min manata özəlləşdirilib. Hərraca çıxarılmış və özəlləşdirilmiş hər bir kiçik dövlət müəssisə və obyekti orta və kiçik portfelli biznesin qurulması və inkişafı üçün potensial daşınmaz əmlaklardır. Hərraclar vasitəsilə özəlləşdirilən dövlət əmlaklarının üstün cəhəti ondan ibarətdir ki, bu əmlaklar mülkiyyət sənədi (çıxarış) ilə təmin olunurlar. Ümumiyyətlə, dövlət əmlakının hərraclar vasitəsilə özəlləşdirilməsi sahibkarlığın inkişafına dəstək verir, bu sahəyə investorların cəlb edilməsinə şərait yaradır. Məhz özəlləşdirmənin əsas məqsədlərindən biri iqtisadiyyata investisiyalar, o cümlədən xarici investorlar cəlb etmək yolu ilə inkişafa nail olmaqdır.
Hərracda iştirak edən və qalib olan vətəndaşlar tərəfindən hərrac bitdikdən sonra hərrac protokolu və alqı-satqı müqaviləsi imzalanıb. Bu əmlak sahibləri hərracda əldə etdikləri yeni mülkiyyətə dair dövlət reyestrindən çıxarışları da qısa müddətdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən ala biləcəklər. Hərracda iştirak edən və qalib olmayan şəxslər 10 gün ərzində komitəyə müraciət edərək behi geri ala bilərlər.
Xatırladaq ki, növbəti belə hərrac fevralın 28-də keçiriləcək və özəlləşməyə 77 dövlət müəssisə və obyekti çıxarılıb
(http://privatization.az/index.php/az/component/content/article?layout=edit&id=1287).
Hərracda iştirak üçün “privatization.az” saytına daxil olaraq seçilmiş əmlak üzərindən sifariş vermək və əmlakın hərracdakı satış qiymətinin 10 faizi məbləğində behi bank vasitəsilə ödəmək kifayətdir. Hərracda iştirak edən lakin qalib olmayan sifarişçi hərrac bitdikdən sonra 10 gün müddətində komitəyə müraciət edərək ödənilmiş behi geri ala bilər. Hərrac prosedurları barədə hər bir məlumatı 193 və (012) 566 07 44 nömrəli çağrı mərkəzlərində almaq mümkündür. Özəlləşməyə çıxarılan hər bir dövlət əmlakının satış qiyməti, habelə mətn və fotoməlumatlar, eləcə də əmlakların yerləşmə mövqeyini göstərən xəritələr (google map) Özəlləşmə portalında (privatization.az) əks olunur.