İQTİSADİYYAT


Növbəti açıq hərracda 18 dövlət əmlakı özəlləşdirilib

A+ A

Bakı, 15 noyabr, Elvira Məmmədova, AZƏRTAC 

Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) noyabrın 15-də keçirdiyi hərracda, ümumilikdə 18 əmlak özəlləşdirilib. Bunun 12-si istifadəsiz qeyri-yaşayış sahəsi, 2-si kiçik dövlət müəssisəsi, 3-ü səhmdar cəmiyyəti, 1-i isə nəqliyyat vasitəsi olub.

AZƏRTAC xəbər verir ki, bu hərrac nəticəsində 1,2 milyon manatdan çox vəsaitin dövlət büdcəsinə köçürülməsi təmin ediləcək. Qeyd edək ki, budəfəki hərrac da rəqabətli şəkildə keçib. Belə ki, bir neçə qeyri-yaşayış sahəsinə verilən sifarişlərin çoxluğu səbəbindən bu əmlakların satışı üzrə hərraclar rəqabətli olub və ən yüksək qiyməti təklif edən qalib elan edilib.
 Hərracların rəqabətli şəraitdə keçməsi bir daha investorların və potensial alıcıların belə hərraclara olan yüksək marağının əyani göstəricisidir.

Hərraca çıxarılan əmlaklar barədə elanlar və təfərrüatlı məlumatlar komitənin Özəlləşdirmə Portalında (privatization.az) əks olunur. Əmlaka sifariş vermək istəyən vətəndaş portala daxil olaraq əmlak barədə foto, mətn və xəritə məlumatları ilə tanış ola və elektron sifarişini verə bilər. Hərraclar barədə elanlar, həmçinin komitənin mütəmadi yenilənən rəsmi internet səhifəsində və “facebook” hesabında da ictimaiyyətə açıqlanır. Bu informasiya resurslarını izləməklə hər həftə hərraca çıxarılan əmlaklarla rahat və çevik şəkildə tanış olmaq mümkündür.

Budəfəki hərrac da açıq və şəffaf şəraitdə, vətəndaşların və media nümayəndələrinin müşahidəsi ilə keçirilib. Onlar hərracın gedişatını əyani görməklə yanaşı, hərrac zalındakı monitorlarda regionlarda davam edən hərracları da izləyə biliblər.

Hərracda satılmış istifadəsiz qeyri-yaşayış sahələrinin hamısı paytaxtda yerləşir. Hərracda Bakı şəhəri Nəsimi rayonunda yerləşən və start qiyməti 18 min manat olan qeyri-yaşayış sahəsi rəqabət nəticəsində 45 min manata satılıb. Paytaxtın Nərimanov rayonunda yerləşən digər qeyri-yaşayış sahəsi isə 12 min manata təklif olunduğu halda, 12 min 500 manata özəlləşdirilib. Hərracda satılmış 2 kiçik dövlət müəssisəsinin biri Bakıda, digəri isə Mingəçevirdə yerləşir.

Hərracda özəlləşdirilmiş “İmişli Pambıq” və “Neftçala Pambıq” səhmdar cəmiyyətləri ölkədə hazırda aktual olan pambıqçılıq sahəsinin inkişafı üçün perspektivli iri müəssisələrdir. Hərracda özəlləşdirilmiş digər iri müəssisə isə Olefin Elmi-Tədqiqat və İstehsalat Mərkəzi olub. Qeyd edək ki, özəlləşdirilmiş müəssisələrə investisiya qoyuluşu sayəsində bu müəssisələrin tamamilə yenidən qurulması və müasir standartlara uyğun tam fəaliyyəti təmin ediləcək.

Hərrac proseduruna əsasən, qaliblərlə hərrac protokolu və alqı-satqı müqaviləsi imzalanıb. Hərracdan sonra qanunvericiliyə uyğun olaraq bir neçə gün ərzində əmlak sahibləri mülkiyyəti təsdiq edən çıxarışlarla da təmin olunur.

Növbəti belə hərrac noyabrın 22-də keçiriləcək və 78 dövlət müəssisə və obyekti özəlləşməyə çıxarılıb. Bu tarixdə keçiriləcək hərracla http://www.privatization.az/index.php/az/component/content/article?layout=edit&id=863 linkində tanış olmaq olar.

Qeyd edək ki, hərracda iştirak üçün komitənin elektron xidməti (www.e-emdk.gov.az) üzərindən sifariş vermək və əmlakın hərracdakı satış qiymətinin 10 faizi məbləğində behi bank vasitəsilə ödəmək kifayət edir. Hərracda iştirak edən lakin qalib olmayan sifarişçi hərrac bitdikdən sonra 10 gün müddətində komitəyə müraciət edərək ödənilmiş behi geri ala bilər. Hərrac prosedurları barədə məlumatları 193 və (012) 566 07 44 nömrəli çağrı mərkəzlərində almaq mümkündür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.